Hüseyn İbrahimov: “Biz onun Ukraynaya qarşı törətdiklərini indiki cinayət işi ilə birləşdirə bilmərik”
Ukrayna Ali Radasının müvəqqəti istintaq komissiyasının sədri, millət vəkili Anna Skoroxod Bakıdan Ruben Vardanyanı yalnız Qarabağdakı fəaliyyətinə görə deyil, həm də Rusiyanın Ukraynaya qarşı təcavüzünü maliyyələşdirdiyi üçün cəzalandırmağı istəyib.
O, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan 120-dən çox deputatın Nobel Komitəsinə Vardanyanın namizədlər siyahısından çıxarılması üçün müraciət etdiyini, lakin bunun nəzərə alınmadığını xatırladıb: “Vardanyan Putin rejiminin maliyyəçisi, Ukraynaya qarşı təcavüzün sponsoru və Qarabağdakı qanunsuz separatçı qurumun keçmiş rəhbəridir. Ümid edirəm ki, hazırda onun məhkəməsini davam etdirən rəsmi Bakı bu şəxsin yalnız Qarabağdakı cinayətlərinə görə deyil, həm də Ukraynaya qarşı təcavüzdə və XXI əsrin əsas diktatorunu maliyyələşdirməkdə iştirakına görə cəzalandırılmalı olduğunu unutmayacaq”.
Ancaq o da var ki, Vardanyanın digər ölkələrdə də bir sıra cinayətlərdə ittiham edilməsinin Azərbaycanın ədalət məhkəməsinə heç bir dəxli yoxdur. Vardaniyanın Ukraynaya qarşı etdiklərini Kiyev hakimiyyəti özü bilər. Buyursun, Ukrayna hakimiyyəti ona qarşı rəsmən cinayət işi açsın. Nəzərə almaq lazımdır ki, Azərbaycan Vardanyanı Ukraynaya qarşı etdiklərinə görə yox, məhz Qarabağda qanunsuz fəaliyyətinə, cinayət tərkibli əməllərinə görə ittiham və mühakimə edir.
“Ukrayna Vardanyanı cəzalandırmaq istəyirsə, o zaman ona qarşı ayrıca və xüsusi cinayət işi açmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov da hesab edir ki, bu kimi məsələlərə son dərəcə həssas yanaşmaq lazımdır: “Ümumən, Vardanyanın keçmişi, biznes, ictimai fəaliyyəti ilə bağlı qaranlıq və kriminal xarakterli məqamlar çoxdur. Onun qısa müddətdə necə milyonlara sahib olması şəffaf deyil. Üstəlik, onun müxtəlif ölkələrin kəşfiyyatı ilə bu və ya digər formada təmasları ilə bağlı da ciddi şübhələr var. Ancaq bizim üçün önəmli olan məqam onun Qarabağda törətdiyi qanunsuz əməllərə görə cavab verməsi və buna görə cəzalandırılmasıdır. Məsələ ondadır ki, Rusiya vətəndaşlığından imtina edən Vardanyan 2022-ci ilin sentyabrında qanunsuz olaraq Qarabağa köçüb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan ərazilərin böyük hissəsini azad etsək də, Qarabağın müəyyən hissəsi Rusiya sülhməramlılarının və separatçıların nəzarətində idi. Düz bir il, yəni 2023-cü ilin 20 sentyabrında keçirilən antiterror əməliyyatlarına qədər Vardanyan Qarabağda fəaliyyətdə olub. Həmçinin bir neçə ay separatçı qurumun “nazir” vəzifəsini icra edib. Bütövlükdə, separatçıların silahlandırılmasında, maliyyələşdirilməsində və digər qanunsuz fəaliyyətlərdə bilavasitə iştirak edib. Açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxışlar edib. Ona görə də Vardanyan bütün bu əməllərinə görə cəzasını almalıdır. Biz onun Ukraynaya qarşı törətdiklərini indiki cinayət işi ilə birləşdirə bilmərik. Bu, Rusiyanı bizə qarşı qıcıqlandıra və bizə əlavə problemlər yarada bilər. O üzdən, Ukrayna da Vardanyanı cəzalandırmaq istəyirsə, o zaman ona qarşı ayrıca və xüsusi cinayət işi açmalıdır. Yoxsa bununla bağlı Azərbaycandan hansısa rəsmi addımlar gözləmək siyasi baxımdan doğru olmaz”.
Vidadi ORDAHALLI