AZ

Avropanın Qafqaz nümayəndəsi Azərbaycan rəsmilərinə şər atdı- rəsmi və ictimai mövqe fərqlidir?..

Image

Əli Orucov: "Məhz Qərbin ikiüzlülüyü Ermənistanı bu qədər cəsarətləndirərək sülhdən yayınmasına imkan yaradır..."

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfəri zamanı verdiyi müsahibəsində vurğulayıb ki, Bakıya son səfəri zamanı Cənubi Qafqazda sülh və sabitliklə bağlı Azərbaycan rəsmiləri ilə görüşdə onların ictimai bəyanatlarından fərqli fikirlərini dinləyib. 

Bu necə olur ki, Azərbaycan rəsmiləri Cənubi Qafqazda sülh və sabitliklə bağlı resmi görüşlərdə bir, ictimai bəyanatlarında isə başqa fikirlər söyləyir, bu nə deməkdir? Qrono bununla nə demək istəyib?

Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Əli Orucov bildirdi ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran  üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun erməni mediasina müsahibəsində səsləndirdiyi fikirlər tanış fikirlərdi: "Ona görə də təəccüb doğurmadı. Aİ-nın İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbəsindən sonra sərgilədiyi siyasət heç də beynəlxalq hüququn prinsiplərinə, həmçinin regionda davamlı sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlməyib. Çox vaxt Ermənistana birtərəfli dəstək verilib. Qərb qurumları, Aİ də daxil olmaqla, Ermənistandan zorakılıqla və silah gücünə qovulan 300 min soydaşımızın, habelə işğal zamanı 1 milyom məcburi köçkünün məşəqqətli və ağır taleyinə göz yumdu, ancaq könüllü olaraq Azərbaycanın Qarabağ iqtisadi zonasından köçən 20 min erməni üçün haray-şivən qopardı. Milyonlarla maliyyə yardımı göstərdi. Bu həmin Aİ-dir ki, 2023-cü ildə Azərbaycan Prezidenti İ.Əliyev, Ermənistan baş naziri N.Paşinyan, Fransa prezidenti E.Makron və Aİ Şurası prezidenti Ş.Mişelin iştirakı ilə 2 aylıq müddətə 40 nəfər heyətdən ibarət sərhəddə müşahidə missiyası yerləşdirilməsi haqqında razılığa gəlinsə də, birtərəfli qaydada kontingent 200 nəfərədək artırıldı, müddət isə 2027-ci ilədək üzadıldı. Halbuki, rəsmi Bakı Aİ-nin bu addımına qarşı dəfələrlə ciddi etirazını bildirib və bunu haqlı olaraq region üçün arzuolunmaz hal kimi qiymətləndirib. M.Qronun verdiyi müsahibəsində də proseslərə və Ermənistan-Azərbaycan münasibətlərinə, eləcə də regiona doğru-düzgün yanaşmadığını görürük. Onun  “Azərbaycan rəsmiləri Cənubi Qafqazda sülh və sabitliklə bağlı resmi görüşlərdə bir, ictimai bəyanatlarında isə başqa fikirlər söyləyir” deməsi təhrifçiliklə yanaşı, həm də böhtandır. Azərbaycan dəfələrlə açıq və net şəkildə bəyan edib ki, sülh gündəliyinə sadiqdir və yürütdüyü xarici siyasətin əsas istiqamətlərindən biri də regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, hamının maraqlarını təmin edən əlaqələrin inkişaf etdirilməsidir. Rəsmi Bakı bunu praktiki faəliyyətində də sübut etməkdədir. Lakin bunun əksinə olaraq, Ermənistan sülhü imitasiya ilə manipulyasiya edərək sürətlə silahlanır, kənar gücləri regionda yerləşdirməklə mürəkkəb və təhlükəli vəziyyət yaradır. Ancaq nədənsə, xanım Maqdalena Qrono İrəvanın “sülh oyunbazlığına” real və konstruktiv yanaşma kimi  qiymət verir.

Birdəfəlik anlamaq lazımdır ki, Qərb ədalətli və obyektiv mövqe tutmayınca, Cənubi Qafqazda öz maraqlarını da təmin edənədək, regionda sülhə heç bir töhfə verə bilməyəcək. Məhz Qərbin ikiüzlülüyü Ermənistanı bu qədər cəsarətləndirərək sülhdən yayınmasına imkan yaradır və münasibətlərin normallaşmasına maraq göstərmir. Şübhə etmirəm ki, M.Qronun Bakıya səfəri zamanı ona Azərbaycanın regional və Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı hər şey bir daha izah ediləcək".

Dəniz NƏSİRLİ





Seçilən
16
baki-xeber.com

1Mənbələr