Abutalıb Səmədov: "Suriyaya investisiya qoya biləcək dövlətlər sırasında Səudiyyə Ərəbistanı aparıcı yerlərdən birini tutur"
Suriyanın müvəqqəti prezidenti Colani ləqəbli Əhməd əl-Şaraa ilk xarici səfərini bazar günü Səudiyyə Ərəbistanına edib. Maraqlıdır ki, Colaninin hakimiyyətə gəlməsində Türkiyə daha çox rola malik olduğuna görə gözlənilən idi ki, o, ilk səfərini Ankaraya edəcək. Lakin bu baş vermədi.
Onu da qeyd edək ki, əvvəllər "Əl-Qaidə" terror təşkilatına bağlılığı ilə tanınan əl-Şaraa Dəməşqdə doğulub. Lakin atası Səudiyyə Ərəbistanının neft mədənlərində işlədiyinə görə Suriyanın müvəqqəti prezidenti məhz bu ölkədə böyüyüb. Ola bilərmi ki, əl-Şaraanın hansısa formada Səudiyyə Ərəbistanı ilə gizli əlaqələri mövcuddur?
Həm də Colaninin Amerika və Avropaya bağlılığı heç kimə sirr deyil. Bu da ola bilər ki, Əl-Şaraa məhz bu əlaqələrə görə prezident kimi ilk səfərini Ər-Riyada etdi. Onun qiyafəsini dəyişib kostyum-qalstuka keçməsi də bu baxımdan maraq doğurur.
Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində həlledici rolu Əhməd əl-Şaraanın lideri olduğu "Təhrir əş-Şam" HTŞ islamçı təşkilatı oynadı: "Bu silahlı qrup Türkiyə ilə sərhəddə yerləşmişdi. Türkiyə hakimiyyəti açıq şəkildə HTŞ-ni dəstəklədi, onu qorumaq üçün əlindən gələni etdi.
Əvvəllər dəfələrlə cəhdlər göstərildi ki, İdlib Əsəd hakimiyyətinin əlinə keçsin. Əsəd dəfələrlə Moskvaya səfərlər etdi, məsələni kəskin şəkildə qoydu. Rusiya da Bəşər Əsədə qoşularaq İdlibdə yerləşən həmin qruplaşmanı zərərsizləşdirməyğ və Turkiyə ilə sərhədi Əsədin nəzarətinə verməyə bir neçə dəfə cəhd göstərdi. Onun qarşısını almaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Putinlə danışmaq məcburiyyətində qaldı. Sonuncu dəfə Astana Üçlüyünün Tehranda keçirilən sammitində də bu məsələ müzakirə edildi. Bundan sonra Ərdoğan məcbur qalıb Soçiyə getdi. Bir daha Putini razı salmağa çalışdı ki, Türkiyə ilə sərhəd zonası Bəşər Əsədin əlinə keçməsin. Son nəticədə Rəcəb Tayyib Ərdoğan öz məqsədinə nail oldu, HTŞ-ni aktiv şəkildə dəstəklədi və sonda islamçı qrupla bilrlikdə Bəşər Əsədi devirdilər. Buna görə də çoxları gözləyirdi ki, Əhməd əl-Şaraanın ilk səfəri Ankaraya olacaq. Ancaq burada başqa bir məsələ də var.
Məlumdur ki, Səudiyyə Ərəbistanı çox böyük maliyyə imkanlarına malik olan bir dövlətdir. Bu imkanlardan hamı yararlanmağa çalışır. Hətta Tramp da prezident seçildikdən sonra Səudiyyə Ərəbistanının rəhbərləri ilə danışıqlarda şərt irəli sürdü ki, əgər onlar Amerikadan 450 milyard dollar dəyərində mallar alarlarsa, o, ilk səfərini Əl-Riyada edəcək. Cavabında Səudiyyə Ərəbistanı rəhbərləri bildirdilər ki, nəinki 450 milyard, hətta 600 milyard dollarlıq Amerika mallarını ala və Trampın istəklərini reallaşdıra bilərlər. Lakin hələ Tramp xarici səfərlərinə başlamayıb.
Məqamdan yararlanmaq üçün Türkiyə hökuməti ilə də məsləhətləşmədən sonra Colani ilk səfərini Səudiyyə Ərəbistanına etmək qərarına gəldi. Çünki Suriyanın indiki mərhələdə xarici investisiyaya daha çox ehtiyacı var. Suriyaya investisiya qoya biləcək dövlətlər sırasında Səudiyyə Ərəbistanı aparıcı yerlərdən birini tutur. Baxmayaraq kı, Türkiyə də dünyanın ən inkişaf etmiş ilk 20 dövlətindən biridir, ancaq Türkiyənin investisiya imkanları Səudiyyə Ərəbistanına nisbətən məhduddur. Görünür bu səbəbdən də Suriya lideri ilk səfərini Səudiyyə Ərəbistanına edib. Növbəti səfər isə Türkiyəyə olacaq. Türkiyənin bölgədəki rolu, Suriyada hakimiyyətin dəyişməsinə verdiyi həlledici töhfə hamıya bəllidir. Ona görə də, fikrimizcə, Colaninin bu səfəri Rəcəb Tayyib Ərdoğanın xeyir-duası ilə reallaşdırılib. Suriya başdan-başa xarabazarlığa çevrilmiş bir ölkədir.
Suriyada uzun müddət vətəndaş müharibəsi getdi, müxalif qüvvələr hakimiyyəti az qala götürəcəyi məqamda Rusiya Bəşər Əsədlə müqavilə imzaladı. Ardınca Suriya ərazisinə hərbi qüvvələr yeritd. 2015-ci ilə qədər ölkənin 16%-ə qədəri Bəşər Əsədin nəzarətində idisə, rusların köməyi ilə qısa müddətdə ölkənin 85%-i Əsədin nəzarətinə keçdi. O, saxta prezident seçkiləri keçirdi, özünü seçilmiş prezident elan etdi.
Əsəd iki bölgədə nəzarəti ələ ala bilmədi - bunlardan biri ABŞ-nin dəstək verdiyi kürtlərin nəzarətində olan bölgə, ikincisi isə Türkiyə ilə sərhəddə yerləşən İdlib bölgəsi idi. Bu bölgələrin fəth edilə bilməməsi də Əsədin sonunu gətirdi.
Suriyada hakimiyyəti ələ almaq hələ işin başlanğıcıdır. Ölkədə ciddi quruculuq işlərinə ehtiyac var. Dağılmış Suriyanı bərpa etmək lazımdır. Bunun üçün isə böyük həcmli investisiyalara ehtiyac var. Əgər Ukraynada Avropa ölkələri bu işi öz üzərlərinə götürmək istəyirlərsə, Suriya üçün investisiyalar cəlb etmək, donorlar tapmaq çox çətindir. Bunu isə hamıdan yaxşı biz bilirik. Azərbaycana da, demək olar ki, dağılmış əraziləri bərpa etmək üçun heç bir xarici dövlət və maliyyə qurumları yardım göstərmədi. Bütün ağırlıq Azərbaycanın öz üzərinə düşdü. Lakin Azərbaycanla müqayisədə Suriyada dağıntıların həcmi bir qədər də çoxdur. Ona gorə də ciddi investisiya qoyulmadan ölkəni bərpa edib normal hala gətirmək mümküň deyil. Suriya luderinin ilk səfərini Səudiyyə Ərəbistanına etməsinin də kökündə məhz bu amil dayanır".
Dəniz NƏSİRLİ