AZ

Joao Feliks “Milan”a keçdi, üç futbolçu icarəyə göndərildi

Futbol üzrə Portuqaliya milli komandasının və “Çelsi”nin hücumçusu Joao Feliks bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Milan” 25 yaşlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb. İcarə müddəti bitəndən sonra portuqal futbolçu yenə İngiltərə klubunun düşərgəsinə qayıdacaq.

Xatırladaq ki, “Çelsi” Joao Feliksi 2024-cü ilin avqust ayında İspaniyanın “Atletiko” (Madrid) klubundan 52 milyon avro müqabilində heyətinə qatıb. Portuqal futbolçunun “zadəganlar”la müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var. O, cari mövsümdə bu komandanın heyətində 20 oyuna çıxıb, 7 qol və 2 assistlə yadda qalıb.

Joao Feliks “Portu”nun yetirməsidir. Futbolçu 2015-ci ildə “Benfika”ya üz tutub. Feliks peşəkar karyerasına da məhz “qartallar”la başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro məbləğ ödəməklə Feliksi öz heyətinə qatıb. Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

2023/2024-cü illər mövsümündə Feliks icarə əsasında “Barselona”nın uğurları üçün çalışıb. O, bu komandanın heyətində 44 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Feliks 2022/2023-cü illər mövsümündə də “Çelsi”də icarədə oynayıb, “zadəganlar”ın heyətində 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığma komandasında 45 oyun keçirib, 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Joao Feliks Portuqaliya yığmasının heyətində UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Milan” üç futbolçusunu icarəyə verdi

“Milan” üç futbolçusu ilə də yollarını ayırıb. Belə ki, A Seriyası təmsilçisinin əlcəzairli dayaq yarımmüdafiəçisi İsmael Bennaseri Marsel “Olimpik”inə icarəyə verib. Fransa klubu 27 yaşlı futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Yarım mövsümlük icarə üçün 1 milyon avro ödəmiş Liqa 1 təmsilçisinin birdəfəlik transfer üçün nə qədər xərcə düşəcəyi bilinmir.

“Milan” İsmael Bennaseri 2019-cu ilin avqustunda “Empoli”dən 17,2 milyon avro qarşılığında transfer edib. O, bu komandada indiyə qədər 178 oyuna çıxıb, 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. İsmael daha öncə “Empoli”, “Arsenal”, “Tur”, “Arl-Avinyon” kimi klubların da formasını geyinib. Daha öncə Fransanın U-18 və U-19 yığmalarında oynamış futbolçu 2016-cı ildən Əlcəzair milli komandasında çıxış edir. O, yığmada 50 oyuna çıxıb və 2 qol vurub, 5 assist müəllifi olub.

“Milan”ın isveçrəli hücumçusu Noa Okafor da “Napoli”yə keçib. Neapol klubu onu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Yarım mövsümlük icarə “Napoli”yə 1,5 milyona başa gəlib.

“Milan” 2023-cü ilin yayında Avstriyanın “Zalsburq” klubundan aldığı Okafor üçün 15,5 milyon avro ödəyib. 24 yaşlı futbolçunun bu klubla 2028-ci ilin 30 iyununadək müqaviləsi var. O, bu komandanın heyətində meydana çıxdığı 53 oyunda 7 qol vurub, 5 assistlə yadda qalıb.

Noa Okafor “Bazel”in yetirməsidir. Nigeriya əsilli isveçrəli futbolçu “Zalsburq”da da oynayıb. O, 2019-cu ilin iyununda debüt etdiyi İsveçrə yığmasında 24 oyuna 2 qol vurub, 2 assist müəllifi olub.

“Milan” mərkəz yarımmüdafiəçisi Kevin Zerolini də “Montsa”ya icarəyə verib. Əslən Nigeriyadan olan 20 yaşlı italiyalı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.

“Milan”ın öz yetirməsi olan Kevin Zeroli bu klubun əsas komandasına da 5 oyuna çıxıb. O, İtaliyanın U-19 və U-20 yığmalarında da oynayıb.

Seçilən
10
arena.az

1Mənbələr