Masallı şəhər 1 nömrəli tam orta məktəbin 3 şagirdi 2 nüfuzlu bilik yarışmasının finalında
Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin şagirdləri növbəti uğura imza atıblar. Belə ki, təhsil ocağının üç istedadlı məktəblisi iki nüfuzlu bilik yarışının finalında iştirak edəcək.
“Sabahın alimləri” XlV Respublika Layihə Müsabiqəsinin seçim turunu uğurla adlayan iki məktəbli gənc qalib layihə müəllifi kimi mart ayında Bakı şəhərində keçiriləcək müsabiqə-sərginin final mərhələsində iştirak hüququna sahiblənib. Müsabiqədə elmi rəhbəri Aynur Ələkbərli olan “Bioenerji ilə yaşıl gələcək” adlı elmi-tədqiqat işini (layihəni) məktəbin ixtiraçı şagirdləri Xəyal Əzizli və Məhəmməd Əzizov təqdim ediblər.
Əlavə edək ki, məktəbin digər istedadlı yeniyetməsi, altıncı sinif şagirdi Malik Əlirzabəyli isə 29-cu Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasının (“29th International Antalya Mathematics Olympiad”) milli turunda fərqlənərək bürünc medal və sertifikatla mükafatlanıb. O, Antalyada keçiriləcək olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Akif AĞAYEV