Türkiyə çempionu “Qalatasaray”ın italiyalı futbolçusu Nikolo Zaniolo bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Florensiya təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçini bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Fiorentina” yarım mövsümlük icarə üçün “Qalatasaray”a 3,2 milyon avro ödəyib. Zaniolonun birdəfəlik transferi üçün isə İstanbul təmsilçisinə daha 9 milyon avro ödəmək lazım gələcək.
Xatırladaq ki, Nikolo Zaniolo bu mövsümün ilk dövrəsini icarə əsasında İtaliyanın digər klubu “Atalanta”da keçirib. O, bu komandanın heyətində 23 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.
Zaniolo “Qalatasaray”a 2023-cü ilin fevralında “Roma”dan gəlib. İstanbul təmsilçisinin heyətində 12 oyuna 5 qol vurub, 1 assist etmiş yarımmüdafiəçi ötən mövsümü İngiltərənin “Aston Villa” klubunda icarədə keçirib.
İtaliya yığmasının da üzvü olan 25 yaşlı Zaniolo millinin heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Fiorentina” bu qış fasiləsində icarədə olduğu “Beşiktaş”dan ayrılmış PSJ-nin gənc yarımmüdafiəçisi Şer Nduru da heyətinə qatıb. İtaliya klubu bu keçidə görə PSJ-yə 5 milyon avro ödəyib. 20 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.
Xatırladaq ki, Əslən Seneqaldan olan italiyalı Şer Ndur “Benfika”nın yetirməsidir. PSJ onu 2023-cü ilin yayında azad agent kimi heyətinə qatmış və 5 illik müqaviləyə imza atmışdı. Gənc futbolçu Paris klubunun əsas komandasında cəmi 4 oyuna çıxıb, 1 qola imza atıb. O, ötən mövsümü Portuqaliyanın “Braqa” klubunda icarədə keçirib – 11 oyun, 1 qol. Cari mövsümün ilk dövrəsində isə Ndur “Beşiktaş”da 22 oyuna 1 qol və 2 assistlə yadda qalıb.
İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinmiş Ndur 2023-cü ildən U-21-də forma geyinir.
“Fiorentina” iki futbolçusu ilə də yollarını ayırıb. Mərakeşli hücumameyilli yarımmüdafiəçi Abdelhamid Sabiri Səudiyyə Ərəbistanının “Əl-Tavun” klubuna icarəyə verilib. Florensiya təmsilçisinin fransalı sağ vingeri Jonatan İkone isə A Seriyasının digər təmsilçisi “Komo”ya icarəyə verilib.