AZ

Ailə dəyərləri- Qərbin Azərbaycanda sistemli hədəfi...

Image

Azərbaycanda ailə dəyərləri uzun əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çatıb. Xalq olaraq ailəni müqəddəs və toxunulmaz hesab edirik. Ailə bizim alınmaz qalamız, tapdanılmaz dəyərimizdir. 

Dünyada qloballaşma prosesi getdiyi bir dövrdə əksər ölkələrdə ailə dəyərlərinin zədələnməsi kimi hallar baş verir. Elə dağıdıcı proseslər gedir ki, bu istər-istəməz ailə dəyərlərinə, demoqrafik vəziyyətin dəyişməsinə təsir edir. Nəzərə alsaq ki, dünyanın böyük güc mərkəzləri, xüsusən də Qərb institutları, hətta müxtəlif dövlətlər belə Azərbaycanın ailə institutunu hədəfə alır. Bunu Qərb institutları və bəzi  dövlətlər qeyri-ənənəvi təriqətləri, ən təhlükəli dini sektaları işə salmaqla, onların missionerlik fəaliyyətini günləndirməklə edir. 

Gizlin deyil ki, dünya ölkələrində olduğu kimi, bizdə də bu sektalar, bu təşkilatlar ailə dəyərlərini sarsıtmaq üçün var gücü ilə fəaliyyət göstərir. Doğrudur, dövlətin aidiyyəti qurumları bu kimi təsirlərə qarşı ciddi mübarizə aparır. Bu öz yerində. 

Amma elə adamlar olub ki, həmin sektalara, qruplara qoşulub, zərərli təriqətlərə üzv olub. Nəticədə, ailələri də dağılıb, övladları ortalıqda qalıb. Ərin, yaxud arvadın bu qruplara qoşulması nəticəsində boşanmalar baş verib.  ər yaxud arvad onlara qoşulub, problem yaşayıblar. 

Heç şübhəsiz, ailə dəyərlərinə zərbə vuran amillərdən biri kimi məhz qloballaşma, onun təlqin etdiyi məqamlar da az deyil. Bəzi mərkəzlərin missionerlərinin, sektaların fəaliyyəti bizim ailə instututu üçün də  təhlükə də ola bilər. 

Qloballaşma şəraitində ailə dəyərlərimizi necə qoruya bilərik?

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev “Bakı-Xəbər”ə şərhində bunları dedi: “Qərb, Avropa  güc mərkəzləri  Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün ailə institutlarını deqradasiyaya uğratmağı hədəfləyirlər. Buna görə də, müxtəlif səviyyələrdə çalışırlar ki, saytlardan, sosial şəbəkələrdən, sosial media platformalarından istifadə edərək, eyni zamanda müxtəlif filmlər, seriallar, eləcə də bəzi telelayihələr vasitəsilə cəmiyyətin əsasını təşkil edən ailə institutunda qadın kişi qarşıdurmasına nail olsunlar. Bu da nəticədə ailə münaqişələrində, boşanmaların statistikasında artım yaradır. Bəli, aqressiv feminist hərəkatın dalğasının təsiri ilə bir sıra hallarda “gender bərabərliyi”, “qadınların hüquqi maarifləndirilməsi” adı altında təəssüflər olsun ki, qadınları kişilərə qarşı körükləyirlər.  Nəticədə qadın-kişi qarşı durması günümüzün reallığına çevrilib. Bu gün boşanmaların nəticələrini təhlil edəndə görürük ki, qadınlar daha çox boşanma ilə bağlı məhkəməyə müraciət ediblər. Halbuki, vaxt var idi Azərbaycan qadını və Azərbaycan kişisi boşanmanı ailə dramı, ailə faciəsi kimi qarşılayırdı. Bu o vaxt idi ki, Azərbaycan ənənəvi cəmiyyət idi. Bilirik ki, cəmiyyətin fərd üzərində dominantlığı olur, ictimai qınaq güclü olur. Çox təəssüf ki, bu gün ictimai qınaq artıq arxa plana keçib, ictimai qınaq nəzərə alınmır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və  qlobal dünyaya açıldıqdan, açıq cəmiyyətə transfer olunduqdan sonra Azərbaycan adamı artıq boşanmanı ailə dramı kimi qarşılamadı və gördülər ki, Qərbi Avropada heç də boşanma ailə faciəsi kimi yox, fərdin liberal seçimi kimi qiymətləndirilir. Şübhəsiz ki, Azərbaycana ixrac olunan serialların, filmlərin də burda rolu oldu. Xüsusən də xaricə gedib gələn insanlar ordakı həyat tərzlərini də gördülər, gördükləri həyat tərzlərini bir növ təqlid etməyə, imitasiya etməyə başladılar. Beləliklə də, artıq Azərbaycan qadını (halbuki, onlar evdar qadın obrazında daha çox idi)  iqtisadi fəal kütləyə çevrildikdən sonra  daha müstəqil, daha sərbəst olmağa, eqoist həyat yaşamağa daha çox üstünlük verməyə başladı. Qadınlar köhnə qayda ilə yaşamaq istəmədilər. Kişilər ailəni köhnə qayda ilə idarə edə bilmirlər, ona görə də artıq Azərbaycanda ailə böhranı yaşandı. Bu da öz əksini qeyd etdiyim kimi boşanmaların statistikasında göstərdi. Təbii, burda Qərb güc mərkəzlərinin də rolu oldu. Ənənəvi cəmiyyəti sarsıtmaq üçün fəaliyyət göstərdi”.

“Azərbaycan cəmiyyətinin identikliyi onun ailə institutu ilə müəyyən olunur”

Ü.Şəfiyevin sözlərinə görə, bizim Sovet dövründə və ona qədərki dönəmdə klassik ailə dəyərlərimiz, ənənələrimiz olub, əlbəttə ailə münaqişələrinə də rast gəlinib, amma  Azərbaycan cəmiyyətində mövcud olan  ailə münaqişələri daha çox cəmiyyətimizdə mövcud olan ağsaqqal, ağbirçək arxetiplər vasitəsilə tənzimlənib. “Eyni zamanda ictimai tənzimləmə mexanizmləri ilə qaydasına qalınıb. Çox təəssüflər olsun ki, artıq bu arxetiplər Avropadan, Qərbdən gələn yeni həyat dalğası fonunda güclünü itirir və Azərbaycan ailəsinin xarici təzyiqlərə immuniteti tükənir. Ona görə də Azərbaycan ailələrində qarşıdurmalar, böhranlar, koalisyalar var. Çox yaxşı olar ki, Azərbaycanda hansısa müvafiq qurum tərəfindən ailə münaqişələrini qeydiyyatı aparılsın və eyni zamanda bu münaqişələrlə işləyən psixoloqların, sosial işçilərin akkreditasiyası, sertifikasiyası həyata keçirilməlidir, onların fəaliyyəti lisenziyalı olmalıdır ki, münaqişəli ailələrlə işləyə bilsinlər. Münaqişəli ailələrə vaxtında psixoloqların, sosial işçilərin müdaxiləsi olarsa xeyli sayda münaqişənin qarşısı alınar və boşanmaların statistikası bu həddə olmaz. Ona görə də çox yaxşı olar ki, bu məsələyə yanaşma həyata keçirilsin.

Ailə dəyərlərinin möhkəmləndirilməlidir. Orta məktəblərdə şagirdlərə, gənclərə ailə dəyərləri aşılanmalıdır, xarici təzyiqlər onlara başa salınmalıdır. Biz anlamalıyıq ki, ailə cəmiyyəti sosial anemyadan xilas edən ən gözəl, ən güclü nüvə institutdur. Biz bu institutu qorumalıyıq. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin indentikliyi onun ailə institutu ilə müəyyən olunur.  Bu baxımdan, çalışmalıyıq ki, Azərbaycan ailəsinin özəlliyiklərini qoruyaq, onu xarici təzyiqlərdən müdafiə edək. Çünki bu həm də genefon təhlükəsizliyi, milli təhlükəsizlik məsələsidir. Biz bunu  həmişə həm dövlət, həm cəmiyyət həyatımızda prioritet hesab etməliyik. Unutmayaq, ailə sağlam olarsa demək cəmiyyət də sosial anemiyalar uzaq olar, Azərbaycanın demoqrafiq durumu, təbii artımı qaydasında olacaq. Belə halda sosial anemiyalar cəmiyyətdən uzaq olacaq. Ona görə də hər bir vasitə ilə çalışmalıyıq ki, sosiallaşma institutları – ailə, bağçalar, məktəblər, ali məktəblər sağlam olsun. Ən başlıcası isə ailədən də, məktəbdən də daha güclü təsir imkanlarına malik olan sosial medianın sağlam olmasına çalışmalıyıq. Çünki ailədə uşaqların sosiallaşmasına, ailə dəyərlərinə sosial medianın təsiri birmənalıdır, daha çoxdur. Çox yaxşı olar ki, sosial medianın fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul olsun. Bu qanun ailə dəyərlərini deqradasiyaya körükləyən paylaşımlara yol verilməsin və ailə dayanıqlılığı, Azərbaycan ailəsinin dəyərləri zədələnməsin. Ona görə biz bu istiqamətdə çalışmalıyıq”.

Ü.Şəfiyevin sözlərinə görə, televizya verilişlərində də diqqətli olunmalıdır, Azərbaycan ailəsində deqradasiyaya getməsini körükləyən proqramların qarşısı alınmalıdır, eyni zamanda örnək ailələrdən bəhs edən portret verilişlər təqdim edilməlidir. Sosioloqun fikrincə, bir neçə nəsil örnək ailələr var ki, onlar gənclərə böhranlı vəziyyətlərdən çıxmaq üçün tövsiyələr verə, öz həyat təcrübələrini bölüşə bilərlər. “Bu baxımdan, iz bütün səyimizlə çalışmalıyıq ki, klassik Azərbaycan ailə dəyərlərini qoruya və sosial varisliklə gələcək nəsillərə ötürə bilək” - deyə Ü.Şəfiyev əlavə etdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
15
baki-xeber.com

1Mənbələr