AZ

Yerin altında metro, üstündə tramvay - Gələcəyin BAKISI

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Proqramda bir çox yenilik nəzərdə tutulub. Buraya yeni metrostansiyaların tikilməsi, tramvay xətlərinin çəkilişi, tıxacın aradan qaldırılması üçün yeni tədbirlər, yeni yolların salınması və sair daxildir.

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, Bakı şəhəri və ətrafda yaranan tıxacların səbəbi çoxdur:

“Şəhərsalma və tikinti problemləri ilə yanaşı,həmçinin, burada tədbirlərin keçirilməsini də qeyd etmək olar. Demək olar ki, hər gün tədbirlər keçirilir və şəhərin mərkəzində yollar bağlanır, bu da tıxaca səbəb olur. Parklanma yerlərinin zəbt olunması da var. Vaxtilə yolun ortasında belə  yaşayış binası tikiblər. Həmçinin tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin heç  birinin parklanma yerləri yoxdur. Bu da sıxlığa və tıxaca səbəb olur. Çünki həımin əraziyə-alış-veriş və ya biznes mərkəzinə gələn şəxslər maşınlarını avtomobil yolunun oratsında saxlamağa məcbur olurlar. Bu da tıxaca səbəb olur. Görüldüyü kimi tıxacın səbəbləri çoxdur. Həmçinin əsas səbəblərdən biri də yol infrastrukturnun yaxşı olmamasıdır”.

Ekspert yeni proqramla tıxaclara qalib gələ biləcəyimizə ümid etdiyini deyib:

“Ona görə də, yeni proqram ilk olaraq, Bakı və ətraf ərazilərdə yol infrastrukturnun  yaxşılaşdırılmasını və optimallaşdırılmasını nəzərdə tutur. Proqram 5 illikdir. Paralel olaraq ictimai nəqliyyat da şaxələnəcək. Buna görə də ümid edirəm ki, bəli, biz tıxaclara qalib gələcəyik. Bakı şəhərində ümumiyyətlə tıxac olmayacaq demək mümkün deyil. Yollar bağlana, tədbirlər keçirilə bilər və bu zaman tıxac yarana bilər. Amma ən azından obyektiv səbəbləri mərhələ ilə aradan qaldıra bilərik”.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə söyləyib ki, proqramı icra edə bilsələr, ciddi irəliləyişlər olar:

"Bu, ikinci dövlət proqramıdır. İlk dövlət proqramı 2006-cı ildə qəbul edilib. Həmin proqram çərçivəsində xeyli işlər görüldü. Ziya Bünyadov prospekti, Bakı-Sumqayıt yolu yenidən quruldu. Şəhərdə olan tunellərin, hamısı həmin proqram əsasında tikilib. Babək propekti yenidən qurulub.Beləliklə şəhərin vəziyyəti biraz yaxşılaşdı. Bu proqram daha əhatəli və genişdir. Təbii ki, müasir tələblərə uyğundur. Proqramı icra edə bilsələr, ciddi irəliləyişlər olar. Bəri başdan deyim ki, maliyyə tutumu çox olan layihədir. Orada 3 istiqamətdə işlər var. Birinci olaraq, Bakının özündə və Bakı ətrafında yol infrastrukturunda ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur. Xüsusilə də şimal istiqamətində. Bakı-Xırdalan, Bakı-Binəqədi-Mehdiabad istiqamətlərində yol infrastrukturunda çox ciddi işlərin görülməsi planlaşdırılır. Onlar icra olunarsa, Bakıya şimaldan və şimal qərbdən giriş əhəmiyyətli dərəcədə dəyişə bilər. Şəhərin daxilində də planlar var. Ziya Bünayadov prosepekti, 8 noyabr prospektinin Zığ tərəfində layihə var. Şəhərin şimal-cənub giriş-çıxşılarında problemlər vardı. O problemin həlləri planlaşdırlır. Xaqani Rüstəmov küçəsinin Ağa Nemətullah küçəsinə birləşdirilməsi nəzərdə tutulur. Babək prosepektinin ya üstündən, ya altından qovşaqla "Montin" deyilən yerdən keçiləcək Nərimanov, Gənclik, Ziya Bünyadov ərazilərinə gediləcək. Maraqlı olan layihələr daha çox Xırdalan şəhərinin özündə Şərq-Qərb giriş çıxışında 3-4 yol tikiləcək.  Xırdalan şəhərinə Şamaxıdan rahat giriş olacaq. Mehdiabaddan birbaşa yol çəkiləcək. Bu layihələr həyata keçirilərsə, Abşeron yarımadasında yol-nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə dəyişəcək. Əsas maliyyətutumlu yol işləri bunlardır".

Ərşad Hüseynov ikinci və üçüncü istiqamətlər barədə isə bunları deyib:

"İkinci istiqamət ictimai nəqliyyatla bağlıdır. Ən maraqlısı və əhəmiyyətlisi elə əhali mobilliyinin təmin olunmasıdır. Piyada infrastrukturunun yaxşılaşdırılması, həm də mikromobillik vasitələrindən-velosiped, skuter və sairdən istifadənin yaxşılaşdırılması istiqamtində işlər nəzərdə tutulur. Yeni metrostansiyaların tikintisi olacaq. Tramvayın,yaxud ona bərabər tutulan kütləvi daşıma vasitəsi metrbusun fəaliyyəti mümkündür. Tramvay konkret “Sea Breez”- Pirşahı istiqamətində olacaq. Daha sonra avtobusların sayının artırılması nəzərdə tutulur. Bu avtobus marşrutlarına əlçatımlığın yüksəldilməsi kimi layihələr hamısı maraqlıdır. Üçüncü istiqamətdə yol infrastrukturuna, əhalinin mobilliyinə təsir edə biləcək tədbirlərin görülməsi nəzərdə tutulur. Orada iş vaxtının  dəyişdirilməsi, təhsil müəssisələrinin təsirinin araşdırılması və ona uyğun tədbirlərin görülməsi gözlənilir. Xüsusi olaraq onu vurğulayıram ki, universitetin, məktəbin köçürülməsindən söhbət getmir. Yaxşılaşdıran tədbirlərin görülməsi planlaşdırılır. Proqramın icrası ilə bağlı konkret qərarlar olanda bu orada göstəriləcək. Hər halda proqram kifayət qədər ambisiyalıdır. Təkrar edirəm ki, böyük maliyyətutumu olan proqramdır.  Hətta mən deyərdim ki, gələcəkdə bu davam etdirilməlidir. Proqramda olan tədbirlər davamlı və ardıcıl olmalıdır. Xüsusi vurğulamaq istəyirəm ki,  Bakı onda tıxaclardan qurtulacaq ki, nəqliyyatdan kənar məsələlər  də aradan qaldırılacaq. Məskunlaşma ilə bağlı məsələ var. Bakıda və Bakı ətrafında məktəblər tam əlçatan olsa, oradakı pedoqoji proseslər, heyət Bakıdakı kimi olsa, mərkəzdəki məktəblərə uşaqların gətirilməsinə ehtiyac azalacaq və vəziyyət daha yaxşı olacaq.  Ən başlıca məsələ, əhalinin mobilliyini təmin etməkdə əsas açar ictimai nəqliyyatdır. O yollar tikilsə,  ictimai nəqliyyat yerində saysa, 4-5 ildən sonra həmin yollar da dolacaq. Əsas hədəf ictimai nəqliyyata investisiya yönəldilməlidir".

Seçilən
8
1
modern.az

2Mənbələr