AZ

"Hər bir şagird gələcəyin bir şəxsiyyətidir" – QHT sədri Zenfira Mustafayeva

"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva müəllimlərin şagirdlərə yanaşması, fərdi diqqət və mənəvi dəyərlər haqqında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, hər bir şagird gələcəyin bir şəxsiyyəti kimi dəyərləndirilməlidir. O bildirir ki, müəllimlər sinfə daxil olduqda hər bir şagirdin vəziyyətini nəzərdən keçirməli, onların sosial və psixoloji durumunu anlamalıdırlar: "Mən həmişə deyirəm ki, qarşımızda oturan hər bir şagird bizim üçün sadəcə şagird deyil. Onlar gələcəyin bir şəxsiyyətidir və onlara fərq qoymadan yanaşmalıyıq. Müəllim fərdi yanaşmanı bacarmalıdır. Problemli ailələrin uşaqlarına daha çox qayğı göstərilməli, onların problemlərini yüngülləşdirmək üçün imkan daxilində dəstək olunmalıdır."

Zenfira Mustafayeva müəllimin müşahidə qabiliyyətinin vacibliyini də vurğulayaraq qeyd edib ki, müəllim sinfə girdiyi andan etibarən şagirdlərin əhvalını və vəziyyətini analiz etməli, onlara sevgi və qayğı göstərməlidir. Onun sözlərinə görə, sevgi və diqqət göstərilən şagirdlər bunu gələcəkdə cəmiyyətə daha böyük fayda verərək qaytarırlar: "Əgər biz məhəbbət veririksə, bu, bizə 12 qat artıq qayıdır. Amma əgər bunu etməsək, heç vaxt geri dönüşü olmayacaq."

O, həmçinin cəmiyyətdə mənəvi dəyərlərin aşağılanmasından və insanların bir-birinə maddi maraq prizmasından baxmasından narahatlığını ifadə edib:"Cəmiyyətimizdə bəlkə də bu problemlərin kökündə mənəvi dəyərlərin azalması dayanır. İnsanlar bir-birinə mənfəət dolu baxışlarla yanaşır, ‘kimdən nə qoparsam’ prinsipi üstünlük təşkil edir. Halbuki, insan öz əməlləri ilə cəmiyyətin minnətdarlığını qazanmalıdır."

Zenfira Mustafayeva sözlərinə əlavə edib ki, onun bioloq olmasında müəlliminin rolu böyükdür və o, biologiyanı məhz müəlliminin təmənnasız dəstəyi ilə sevib. O, bütün müəllimlərə eyni sədaqət və humanizmlə şagirdlərə yanaşmağı tövsiyə edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
18
qht.az

1Mənbələr