İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında kredit faizlərinin əlçatan olmamasının Azərbaycan iqtisadiyyatı üçün ciddi problem olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölkədə pul-kredit siyasətinin yumşaldılması və investisiya yönümlü olması istiqamətində ciddi çağırışlar var: "İqtisadiyyatın müxtəlif sahələrində rentabellik göstəricilərinə uyğun olaraq, xüsusilə prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə kredit xəttlərinin əlçatan olması artıq zərurət təşkil edir. Hazırda investisiyaların artımına böyük ehtiyac duyulur. Bu səbəbdən, pul-kredit siyasətinin yumşaldılması və ünvanlı şəkildə kreditlərin reallaşdırılması iqtisadi inkişaf üçün vacib istiqamət olmalıdır."
Professor Elşad Məmmədov kredit faizlərinin optimallaşdırılmasının maliyyə resurslarına əlçatanlığın artırılması anlamına gəldiyini, lakin bu prosesin müəyyən mexanizmlərlə tənzimlənməsinin vacibliyini qeyd edib: "Bu, o demək deyil ki, bütün müraciət edənlərə kredit ayrılmalıdır. Maliyyə resursları əsasən real sektora və investisiyalara yönəldilməlidir. Bunun üçün konkret biznes və istehsal yönümlü layihələrə kredit xətləri açılmalı, ayrılan vəsaitlərin təyinatına nəzarət mexanizmləri gücləndirilməlidir. Bank sektorunda bu cür nəzarət mexanizmləri mövcuddur və rəqəmsal texnologiyaların inkişafı sayəsində bu proses daha da asanlaşa bilər."
Sonda professor qeyd edib ki, kredit siyasətinin optimallaşdırılması və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verə bilər.
Pərvanə Fərhadqızı
QHT.az