AZ

İlham Əliyev dedi, Tramp təsdiqlədi ki, doğrudur...

Image

Dünya miqyasında prezident Donald Trampın komandasının ABŞ-ın xarici yardımlarını dondurması geniş müzakirə edilir. Bu, ilk növbədə hər cür qeyri-hökumət təşkilatlarına (QHT), fondlara və şəxslərə aiddir. 

Eyni zamanda, Donald Trampın komandası müxtəlif ölkələrdə hər cür QHT-lərə dəstək verməklə məşğul olan Beynəlxalq İnkişaf üzrə Federal Agentliyini (USAID) ləğv etməyə qərarlı və hazır görünür. İlon Mask artıq onu cinayət təşkilatı və marksist radikalların ilan yuvası adlandırıb.

USAID ABŞ federal hökumətinin dünya ölkələrində inkişafı təşviq etmək üçün xarici humanitar yardımın idarə edilməsinə cavabdeh olan bir agentliyidir. 

Agentlik hələ 1961-ci ildə prezident Con Kennedinin rəhbərliyi altında Afrika və Asiyada keçmiş Avropa koloniyalarına Sovet dəstəyinə cavab olaraq yaradılıb. Son onilliklərdə agentlik ABŞ-ın ən böyük dövlət qurumlarından birinə çevrilib. Bu yaxınlara qədər 100-dən çox ölkədə mövcudluğu ilə Amerikanın bütün xarici yardımının yarıdan çoxunu təmin edib. Bununla belə, ABŞ-ın federal büdcəsinin yalnız bir faizi USAİD-in fəaliyyətinə xərclənir, lakin bu, hələ də böyük məbləğdə puldur və 50 milyard dollar vəsait deməkdir. USAID hökumətdə xüsusi statusa malikdir. ABŞ Dövlət Departamentindən göstəriş alsa da, indiyə qədər öz prioritetləri olan müstəqil təşkilat kimi fəaliyyət göstərib. Donald Trampın komandasının üzvləri üçün USAID büdcə vəsaitlərini səmərəsiz xərcləyən və müəyyən mənada Dövlət Departamenti ilə rəqabət aparan lazımsız struktur kimi görünür. Eyni zamanda, hər hansı xarici yardım, yeni prezidentin fikrincə, ABŞ-ın milli maraqlarına uyğun olmalıdır və inkişaf etməkdə olan ölkələrə dəstək çox vaxt pul israfına çevrilir. USAID Donald Trampın yeni kursuna ideoloji cəhətdən düşmən olan təşkilat kimi də qəbul edilir. Respublikaçılar hesab edirlər ki, agentlik təkcə iqtisadi inkişafı dəstəkləməklə kifayətlənmir, həm də müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirməklə solçu ideyaları yayır. Bu fonda  İlon Mask birbaşa USAID-i Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası adlandırıb. Təşkilatın fəaliyyəti Azərbaycana da yaxşı tanışdır. Bu fonda USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması istiqamətində Azərbaycan vaxtında konkret addımlar atdı. Xatırladaq ki, prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunmuşdu. USAID, Bayden administrasiyası barədə danışarkən dövlət başçısı qeyd etmişdi: “Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”. Bununla yanaşı, prezident demişdi ki, Tramp USAID- i birdəfəlik qadağan edə bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fonda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə ötən ay Bakıda keçirilən birgə mətbuat konfransında bildirib ki, USAİD Azərbaycana qarşı vasitə kimi istifadə edilir: “Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə “cəzalandırıldı”. Onun sözlrinə görə, 2023-cü ilin sentyabr ayında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi: “Bundan qısa müddət sonra biz ABŞ-dan beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılırdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ “cəzalandırıldı”. XİN başçısı vurğulayıb ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi: “Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”. Nazir bəyan edib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. Təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Bu agentlik Azərbaycana qarşı kəskin düşmən münasibəti ilə seçilirdi. Bunu onun son direktoru Samanta Pauerin hərəkətlərində xüsusilə aydın görmək olar. 2023-cü ildə Qarabağ xuntasının keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycanın istintaq orqanlarına ifadəsi zamanı xaricdəki çoxsaylı “etibarlı əlaqələri” arasında onun adını çəkib. Azərbaycan tərəfi USAİD-in rəhbərinin Ruben Vardanyanla çox yaxın təmasların təfərrüatlarını bilir. Yada salaq ki, Pauer həm də Vardanyanın təşəbbüskarı və sponsoru olduğu “Avrora Mükafatı Komitəsinin” üzvüdür. 2023-cü ilin sentyabrında Ermənistan və Azərbaycana səfəri zamanı Pauerin İrəvanda Qarabağ ermənilərinin nümayəndələri ilə necə görüşdüyünü, lakin Bakıda olarkən azərbaycanlı qaçqın və məcburi köçkünlərə tamamilə məhəl qoymadığını da xatırlamaq olar. Onu da qeyd edək ki, USAİD illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə də tanınır. 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (USAİD-ə keçib və bu günə qədər bu praktika davam edir. USAİD hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyir. Amma indi bu fəaliyyət də sual altına düşüb. Maraqlıdır ki, USAID-in bir sıra yüksək vəzifəli məmurlarının işdən çıxarılmasına səbəb onların məxfi hesabatları nəzərdən keçirmək üçün Hökumətin Effektivliyi Departamentinə təqdim etməkdən imtina etməsi olub. USAID-in fəaliyyəti demək olar ki, yarandığı gündən tənqid olunur. Agentlik təkcə maliyyə ilə bağlı deyil, müxtəlif qalmaqallarla bağlı olub. USAID-in Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini ört-basdır etdiyi və qurumun özünün ABŞ-a düşmən olan hökumətlərə qarşı gizli əməliyyatlar apardığı tez-tez qeyd olunur. USAID-in analoji əməliyyatları xüsusilə Latın Amerikasında yaxşı tanınır. Onlardan biri 2014-cü ildə Kubada yerli repçilərə dəstək adı altında hökumət əleyhinə gənclər hərəkatının yaradılmasıdır . Bundan əlavə, 2010-cu illərdə USAID Kuba sosial şəbəkəsi “ZunZuneo”nu idarə edirdi və burada da ölkə hökumətinə qarşı etirazları qızışdırmağa cəhd edirdi. Agentliyin iqtisadi proqramları da mübahisəli olub. Məsələn, prezident Corc Buşun dövründə USAID-in İraqın yenidən qurulması layihələri ABŞ administrasiyası ilə sıx əlaqəli olan Amerika şirkətləri ilə məhdudlaşırdı ki, bu da açıq-aşkar maraqların toqquşması idi.

Nahid SALAYEV





Seçilən
13
baki-xeber.com

1Mənbələr