AZ

Zəngəzur dəhlizinin açılmasına məcburi hazırlıqlar başladı...

Image

“Sirr deyil ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib. Lakin bu məsələ ətrafında danışıqlar heç vaxt sənədə çevrilməmişdi”. Bu sözləri erməni politoloq Argişti Kiviryan deyib. 

O xatırladıb ki, ilk dəfə belə bir sənəd 10  noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altındadır: “Eyni zamanda ruslar paritet vəziyyət yaratdılar, çünki 10 noyabr bəyanatı Qarabağın “erməni qalmasına” imkan verirdi. Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban verdi və indi Mehri mövzusuna yenidən qayıtdılar”.

“Hayastan” blokundan deputat, “Daşnaksütyun” partiyasının üzvü Armen Rüstəmyan da qeyd edir ki, indiki gedişlə Zəngəzur dəhlizinin açılması qaçılmazdır: “İndi böyük təhlükə var ki, sabah və ya o biri gün dəhlizin açılması məsələsi ortaya çıxacaq. Camaatı buna hazırlayırlar. Deyəcəklər ki, Mehrini biz yox, əvvəlki hakimiyyətlər artıq verib”. Qeyd edək ki, Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin əsas hissəsi olan xəttin çəkilişlərini yekunlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlinə kimi yolun Zəngilan rayonunun Ağbənd qəsəbəsinə qədər tikintisi yekunlaşacaq. Ermənistan isə ərazisindən keçən 44 km-lik dəmir yolunun bərpası ilə bağlı hələ qərar verməyib. Lakin bu tikintinin reallaşmasından başqa da Ermənistanın yolu yoxdur. Türkiyəən olan siyasi şərhçisi Yakub Aslan bildirir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağı azad etməsi regionda yeni reallıqlar yaradıb ki, bu da beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin genişlənməsi zərurətini ortaya çıxarıb: “Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyət daşıyır və bu layihəni nəinki region dövlətləri, eləcə də Avropa və Asiya ölkələri də dəstəkləyir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu layihə dünyanın iki böyük qitəsinin iqtisadi inkişafına əsaslı təkan verərək, tranzit yüklərin daşınmasına, ticarət əlaqələrinin və dövlətlər arasındakı ticarət dövriyyəsinin artması, yeni iş yerlərinin açılmasına, istehsalın, ixrac və idxalın əhatə dairəsinin böyüməsinə imkan yaradacaq”. O bildirib ki, Ermənistan bu layihənin qarşısını almaq iqtidarında deyil: “Regionun bütün dövlətləri bu layihəni dəstəklədiyi halda, rəsmi İrəvanın bunun əleyhinə çıxaraq destruktiv mövqe tutması onun özünü çox gərgin vəziyyətə salacaq. Bu dəfə də Ermənistan Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan neft, Bakı- Tiflis-Ərzurum qaz kəmərləri layihələrində olduğu kimi, iqtisadi gəlirlərdən və siyasi dividenddən kənarda qala bilər. Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədəki çıxışında dediyi kimi: “Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”. Azərbaycan prezidentinin fikirlərindən belə aydın olur ki, Ermənistan bu layihənin əleyhinə çıxış etməklə özünü dünyanın iki böyük qitəsindəki dövlətlərlə üz-üzə qoyur. İqtisadi inkişafın qarşısını və tranzit yollarını kəsməklə rəsmi İrəvan yenə də özünü təcrid olunmuş vəziyyətə salır”.

Xatırladaq ki, Zəngəzur dəhlizinə Çinlə yanaşı, Avropa İttifaqı da maraq göstərir. Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edəcəyi bəlli deyil və Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarırlar. Ölkəmizin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü həm Qərbin, həm də Şərqin maraqlarına, eləcə də region dövlətlərinin mənafeyinə uyğundur. Bir tərəfdən məğlub olan Ermənistan digər tərəfdən yenə də beynəlxalq iqtisadi layihədən kənarda qalaraq düşəcəyi vəziyyət barəsində ciddi düşünməlidir. Tehranla müəyyən razılaşmaya əsasən, artıq Azərbaycandan İran vasitəsilə Naxçıvana gedən yolun böyük hissəsi istifadəyə yararlıdır, müvafiq körpünün inşasının tamamlanmasına isə az müddət qalıb. Əgər həmin dəhliz fəaliyyətə başlayarsa, Zəngəzur layihəsinin reallaşması əvvəlki kimi vacib olmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan da bunu yaxşı başa düşür. Ona görə də o, prezident İlham Əliyevin “maneəsiz dəhliz” təşəbbüsünə razılıq vermək istəyir. Paşinyanın keçirdiyi son mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Eyni zamanda, “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini işlədərək özünü müxalifətdən də sığortalamaq istəyir. Baş nazirin “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri ilə Zəngəzur dəhlizinin reallaşmasına razı olduğu mesajını verir. Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısını təmin edəcək, həm də Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm hissəsi olacaq. Bu layihələr qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. 

Ramil QULİYEV





Seçilən
4
1
baki-xeber.com

2Mənbələr