Donald Trampın Kanada və Meksikaya tətbiq edə biləcəyi tariflər ən çox zərər çəkə biləcək avtomobil istehsalçılarından biri olan “Nissan” üçün ciddi problemlər yarada bilər.
Valyuta.az xəbər verir ki, ABŞ Prezidenti 25%-lik gömrük rüsumlarını tətbiq edəcəyini bildirsə də, bazar ertəsi bu qərarı 30 gün təxirə saldı. Lakin bu tariflər reallaşarsa, hazırda maliyyə çətinlikləri yaşayan və “Honda” ilə birləşmə danışıqları aparan “Nissan” üçün ağır nəticələr doğura bilər.
“Toyota” və “Honda” rüsumlara hazırdır
ABŞ bazarı “Nissan”, “Toyota” və “Honda” üçün ən böyük avtomobil satış bazarıdır. Bu üç Yapon avtomobil istehsalçısı ən populyar modellərinin bir qismini Meksika və Kanadada istehsal edir. Bu səbəbdən tariflərin təsiri bütün şirkətlər üçün əhəmiyyətli olacaq. Lakin “Toyota” və “Honda” həm maliyyə, həm də qiymətləri artıraraq tarif xərclərini istehlakçılara ötürmək baxımından daha yaxşı vəziyyətdədir.
“Nissan” çətinliklə qazanc əldə edir
“Macquarie Mobility Research” rəhbəri James Hong bildirir ki, “Nissan” avtomobil biznesində çətinliklə qazanc əldə edir və ABŞ-a ixrac etdiyi Meksika istehsalı modellərin böyük hissəsi Sentra və Kicks kimi daha kompakt və büdcəyə uyğun avtomobillərdir. Belə modellərin alıcıları qiymət artımlarını asanlıqla qəbul edə bilməz. Bu hal uzun müddət qüvvədə qalarsa, bu, “Nissan” üçün ciddi təhlükəyə çevrilə bilər. Əgər “Honda” ilə birləşmə baş verərsə, bu problem “Honda” üçün də yük ola bilər", - deyə Hong əlavə edib.
“Nissan” şərh verməkdən çəkinir
“Nissan” hazırda rüsumlarla bağlı rəsmi şərh verməkdən çəkinir. Şirkət yanvarın 22-də bildirib ki, potensial siyasət dəyişiklikləri barədə fərziyyə yürütməyəcək, lakin keyfiyyətli avtomobillər təqdim etməyə və bazar şərtlərinə uyğunlaşmağa davam edəcək. Hongun hesablamalarına görə, əgər “Nissan” tariflərə qarşı tədbir görməsə, fəaliyyət mənfəətini tamamilə itirə bilər.
Şirkət işin içindən çıxmağa hazırlaşır
Lakin şirkətin əlində bir neçə alternativ var. Meksikada istehsal edilən avtomobilləri ABŞ əvəzinə Braziliya kimi bazarlara yönəltmək, qiymətləri artırmaq, istehsal həcmini azaltmaq və s.
“Nissan” və “Honda” planı zərər görə bilər
“Nissan” 1966-cı ildən Meksikada avtomobil istehsal edirdi və bu, onun Yaponiya xaricində açdığı ilk zavod idi. “Toyota”, “Honda” və “Mazda” sonradan “Nissan”ın bu strategiyasını təkrarladı. “Nissan” isə ilk ABŞ zavodunu yalnız 1983-cü ildə, Tennessi ştatının Smyrna şəhərində açdı. Əgər tariflər qüvvəyə minərsə, “Nissan” bu yükü daşımaqda digərləri ilə müqayisədə daha çox çətinlik çəkəcək və rüsumlar uzun müddət qüvvədə qalsa, bu, şirkətin “Honda” ilə planlaşdırdığı birləşməyə də mənfi təsir edə bilər.
Sərvanə Rəmixanova