Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Yunanıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün milli komandamız Avropa çempionatının (AÇ-2026) əsas seçmə mərhələsi çərçivəsində Yunanıstan yığması ilə qarşılaşıb.
Bakı İdman Sarayında baş tutmuş oyunda qalib müəyyənləşməyib – 2:2. Matçdan sonra millimizin baş məşqçisi Vitali Borisov jurnalisitlərə açıqlamasında bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı başladıq, erkən qol vurduq. Sonra real şansımız oldu. Bundan sonra sanki komanda 10 dəqiqə dayandı, üstünlüyü rəqibə verdi. Beşinci oyunçunu meydana buraxdıq ki, nəticəni dəyişək. Fasiləyə qədər alınmadı. İkinci hissəyə yaxşı başladıq, rəqib foul limitini erkən doldurdu. Təəssüf ki, bizim əsas oyunçular tez yoruldular. Buna görə də beşin dördə oynadıq. Fərqlənmək istəyərkən, səhvə yol verdik və qapımızda qol gördük. Heç-heçə bizim üçün pis nəticədir.
Növbəti mərhələyə vəsiqə qazanmaq şansımız qalır, ancaq hər şey bizdən asılı olmayacaq. Yəni maksimum xal toplasaq belə, digər millilərin nəticəsini gözləməliyik.
Yunanıstan millisi 5 foul yığdıqdan sonrakı 10 dəqiqədə onları 6-cı foulu etməyə məcbur edə bilmədik. Həmin vaxt biz beşin dördə oynayırdıq. Belədə foul qazanmaq çətin olur. Gərək driblinq edəsən. Futzalçılarımız yorulduğuna görə, driblinq edə bilmədik”.
Xatırladaq ki, Azərbaycan millisi 5-ci qrupdakı ilk oyununda İsveçlə ev oyunundan da 1 xalla ayrılmışdı – 3:3. Bir neçə gün öncə Xorvatiya yığmasına qarşı səfər oyununda isə 2:9 hesablı məğlubiyyət qeydə alınıb.