Futzal millimiz AÇ-2026-nın evdə keçirilən əsas mərhələ matçında Yunanıstanla heç-heçə etdi - 2:2.
"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Vitali Borisov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Yaxşı başladıq. İlk dəqiqədə hesabı açdıq. Ardınca daha bir yüzfaizlik qol fürsəti əldə etsək də, dəyərləndirə bilmədik. Sonra komandamın meydandakı varlığı təxminən 10 dəqiqə hiss olunmadı. Belədə Yunanıstan millisi üstünlüyü ələ keçirdi və hesabı bərabərləşdirdi. 5-ci oyunçu sayəsində hesabda önə keçməyə çalışsaq da, istəyimizi əldə edə bilmədik. İkinci hissəyə yaxşı başladıq. Ardıcıl cərimə zərbələri qazandıq. Lakin bir qədər sonra aparıcı oyunçularımız yoruldu. Nəticədə rəqib fərqləndi. Ümumiyyətlə, 2:2 bizim üçün pis hesabdı.
- Növbəti mərhələ üçün şans qalıb?
- Bəlkə də qalıb. Digər qruplardakı vəziyyəti analiz etmək lazımdı. Son iki oyunda qələbə qazanmalıyıq. İndidən nəsə demək çətindi. Hər şey yalnız bizdən asılı olmaya bilər.
- 10 dəqiqə ərzində bir foul qazana bilmədik...
- Bəli, Yunanıstan millisi 5 foul yığdıqdan sonrakı 10 dəqiqədə onları 6-cı foula yol verməyə məcbur edə bilmədik. Həmin vaxt beşin dördə oynayırdıq. Belədə foul qazanmaq çətin olur. Ona görə ki, top bizdə olur. Rəqib çox az hallarda səhvə yol verir. Bunun üçün irəliləmək, rəqibə təzyiq göstərmək lazım idi. Yenə deyirəm, aparıcı oyunçularımız yorğun idi.
- Qapıçını sahə oyunçusuyla əvəz etdiyiniz dəqiqələrdə maraqlı kombinasiyalar qura bilmirdiz. Məşqlərdə bunun üzərində çalışırdızmı?
- Belə məqamlarda uğur qazana bilmək üçün gərək məşqlərdə uzun vaxt ayırasan. Bizim vaxtımız az olur. Burda oyunçular özünü yaxşı tərəfdən göstərməlidi. Rəqibin müdafiə xəttini yarmaq çətin idi. Komandamız yenidi. Üzərində işləməli olduğumuz çox şey var. İki gün ərzində iş qurmaq çətindi.
- Kənan Manafov az oynadı...
- Onun sağ ayağında zədə var idi. Təzə sağalıb. Bu üzdən xidmətindən məhz qapıçını sahə oyunçuyla əvəzləyəndə yararlanmaq istəyirdik. Tam hazır deyil. İndi iynə vuruldu və meydana çıxdı.
- Seymur Məmmədov komandanın ən təcrübəli futzalçılarından biridi. Maraqlıdı ki, özünü yaxşı tərəfdən göstərə bilmədi...
- Onu təxminən 15 ildi tanıyıram. Birlikdə top qovmuşuq. Seymur müdafiə xəttində daha yaxşı oynayır. "Baku Fire"nın oyunçularına üstünlük vermişdim ki, meydanda komninasiya yarada bilsinlər.
- Komanda qapının qarşısına ötürmələr edəndə çətinlik çəkir. Düzdü, epizodlardan birində qol vura bildilər. Amma məhsuldarlıq istənilən səviyyədə olmadı.
- Bizim uşaqların xəstəliyi budu. Həmişə deyirəm ki, "çörək" elə epizodlardadı. Bombardir olmaq istəmirlər. Ya topu qapıdan keçirə biləcəklərinə inanmırlar, ya da 30 metr məsafəni qayıtmaq istəmirlər. Mən lazım olanı deyirəm, lakin hələ ki, alınmır. Yəqin ki, gələcəkdə alınar.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta