AZ

Kadi Borges yenidən “Qarabağ”da! - Video

Azərbaycan çempionu “Qarabağ” heyətini azarkeşlərə çox yaxşı tanış olan futbolçu – Kadi Borges Malinovski ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı braziliyalı futbolçu yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Kadi 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubunun heyətində bütövlükdə 74 oyuna çıxıb. Hücumameyilli yarımmüdafiəçi bu oyunlarda 28 qol və 28 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu 2021/2022-ci illər mövsümündə Ağdam klubunun heyətində Azərbaycan çempionu və Azərbaycan kubokunun qalibi olub.

Kadi 2023-cü ilin yanvarında məhz “Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunmuşdu. Həmin vaxt Ağdam klubunun onun satışından azı 2 milyon avro qazandığı açıqlanmışdı. Braziliyalı futbolçunun 2024-cü ilin yayında da “Qarabağ”a qayıdacağı gözlənilirdi. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi vurğulanırdı. Amma Borges son anda “Krasnodar”ı Macarıstanın “Ferentsvaroş” klubuna dəyişməyə üstünlük vermişdi.

“Krasnodar”da 44 oyuna 7 qol və 4 assistlə yadda qalmış braziliyalı futbolçu “Ferentsvaroş”da da 27 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Koritiba”nın yetirməsi olan Kadi Borges Portuqaliyada “Vilafrankense” və “Eştoril”in də uğurları üçün çalışıb.

Sonda onu da xatırladaq ki, Kadinin “Ferentsvaroş”la 2027-ci ilin 30 iyununadək müqaviləsi vardı. Macarıstan klubu “Krasnodar”dan 2 milyon avroya transfer etdiyi futbolçunu “Qarabağ”a pulsuz buraxmayıb. Ağdam klubu Kadinin əvəzində dayaq yarımmüdafiəçisi Julio Romanı “Ferentvaroş”a göndərib. Hazırda Macarıstanda olan portuqal futbolçunun tezliklə yeni klubu ilə müqavilə bağlaması gözlənilir. Transfer rəsmiləşdikdən sonra bu barədə də açıqlama veriləcək.

Seçilən
1
8
arena.az

10Mənbələr