Son günlərin ən sensasion hadisəsi birmənalı olaraq Çin şirkəti "DeepSeek" tərəfindən yaradılmış süni intellekt platforması ətrafında baş verənlər sayıla bilər və bu da təsadüfi deyil.
Ona görə ki, əgər XX əsrin ortalarında müharibələr daha çox döyüş meydanlarında, onun sonlarında əsasən banklarda və səhm bazarlarında gedirdisə, bu gün rəqabət texnologiyalar ətrafında davam edir.
Bu mənada Çin şirkətinin alternativsiz hesab edilən "OpenAI" ABŞ texnoloji şirkətlərinin məhsulu olan geniş yayılmış"CatGPT-yə" əlcək atması heç də sıradan hadisə deyil. Xüsusilə də son illər ərzində davam edən "texnoloji müharibə" fonunda.
Iki platforma arasında müqayisələrin hələ təzəcə başlamasına və uzun müddət də davam edəcəyinə baxmayaraq, ilkin nəticələr artıq özünü göstərməkdədir. Xüsusilə də süni intellekt üzərində çalışan ABŞ şirkətlərinin səhm bazarlarındakı durumunda.
Belə ki, əsas çip istehsalçısı olan Nvidia, OpenAI-yə xeyli investisiyalar etmiş Microsoft və Oracle şirkətlərinin səhmlərinin kəskin ucuzlaşması bəzi iddialara görə onların 1 trilyon dollaradək dəyərdən düşdüyünü deməyə əsas verir.
Başqa bir iddia isə onunla bağlıdır ki, Çin şirkətinin süni intellekt platformasını yaratması son dərəcə ucuz qiymətə başa gəlib. Hərçənd bir çox ekspertlər göstərilən investisiyaların əslində yüzlərlə dəfə çox olduğunu bildirirlər.
Çin şirkəti bu işin guya 10 mln dollardan az vəsait hesabına başa gəldiyini bildirib. Yuxarıda qeyd etdiyim kimi, bir çox ekspertlər bu rəqəmin 400 dəfəyədək çox olduğunu bildirirlər.
Xatırladım ki, OpenAI-nin baş icraçı direktoru Sam Altman bir müddət əvvəl kənarlaşdırıldığı vəzifəsinə qayıtdıqdan sonra süni intellektin bütün sahələri əhatə etməsi üçün 7 trilyon dollaradək investisiya tələb olunduğunu bildirmişdi.
Mübahisələr hələ davam edəcək, çünki bir qədər əvvəl Linux proqramının yaradıcısı, fin Linus Torvaldsın dediyi kimi, süni intellekt ətrafında müzakirələrin 10% reallığı əks etdirən məlumatlardır, qalan 90% isə marketinq məqsədi daşıyır.
Ərəstun Oruclu, Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq
Demokratikmusavat.com