Qroznıdakı dispetçer 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ekipajına “Kovyor” planının tətbiqi barədə məlumat verməyib. Trend xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın araşdırılmasına dair ilkin hesabatda deyilir.
Hesabatda “Kovyor” planının Azərbaycan təyyarəsinin vurulmasından sonra tətbiq olunduğu dəqiqləşdirilib.
Sənədə əsasən, dispetçer “Kovyor” planının tətbiqi ilə bağlı ekipajı məlumatlandırmayıb. Qroznı və Rostov dispetçerləri ilə ekipaj arasında aparılan danışıqların hesabatlarında “Kovyor” planı ilə bağlı heç bir bildiriş qeydə alınmayıb.
Bundan əlavə, araşdırma materialları göstərir ki, planın tətbiqi barədə yalnız AZAL reysi Qroznıdan alternativ aerodromlara getməyə başladıqdan sonra məlumat verilib. Hesabatda vaxt göstərilmir, lakin qeydə alınmış söhbətlər bunu göstərir.
Hesabatında bildirlir ki, hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.