![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/kdinc_1738692200_3342.webp)
Suriyada yeni qurulan hökumətin müvəqqəti prezidenti Əhməd əl-Şara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib. Əl-Şara Səudiyyə Ərəbistanından sonra ikinci xarici səfərini Türkiyəyə edib.
Görüş zamanı Türkiyənin Suriyada hərbi baza yaratmasına imkan verəcək müdafiə sazişi müzakirə edilib. Dörd Suriya təhlükəsizlik rəsmisi “Reuters” agentliyinə bildirib ki, plan Türkiyənin Suriyanın şərqindəki Badiya səhra bölgəsində iki hərbi baza qurmasını və bölgəyə 50-yə qədər F-16 qırıcısı yerləşdirməsini nəzərdə tutur. Bundan əlavə, Türkiyənin Suriya hava məkanından hərbi əməliyyatlar üçün istifadəsinə icazə verilməsi və ölkəyə xarici təhdidlərə qarşı təhlükəsizlik dəstəyinin təmin edilməsi planlaşdırılır. Razılaşmanın digər mühüm bəndlərindən biri isə Türkiyənin Suriyada yeni qurulan orduya təlim keçməsilə bağlıdır.
Xarici medianın məlumatına görə, bütün bunlar Suriyanın yeni administrasiyasının ölkədəki Rusiya hərbi mövcudluğunu dayandırmaq siyasəti ilə əlaqələndirilir. Rusiya 2024-cü ilin dekabrında devrilmiş Bəşər Əsədi dəstəkləməklə ölkədəki hərbi bazalarını qoruyub saxlamağa çalışmışdı. Ancaq Suriyanın yeni administrasiyası Moskva ilə hərbi əməkdaşlıq müqavilələrini nəzərdən keçirmək qərarına gəlib. Rusiyanın Hmeymim və Tartusda hərbi mövcudluğunu saxlamaq cəhdlərinə baxmayaraq, yanvarın sonunda Moskvadan Şama gələn nümayəndə heyəti ilə danışıqların nəticəsiz başa çatması xəbərləri mediada öz əksini tapıb. Məlumata görə, Əl-Şara administrasiyası Kremldən devrilmiş lider Əsədi təhvil verməyi və Suriyaya müharibə təzminatı ödəməyi tələb edib.
TAHİR