Azərbaycanda doktorantura təhsilinin bir pilləli sistemə keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müzakirələr aparılır.
TehsilForumu.Az xəbər verir ki, mövzu ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov açıqlama verib. O bildirib ki, doktorantura təhsili dünyada birpilləli sistemlə təşkil edilir:
“Azərbaycanda da doktorantura təhsilinin bu şəkildə təşkil edilməsinin doğru qərar olduğunu düşünürəm. Hər halda çətinliklər olacaq. Gərək qərarı qəbul edənlər düşünsün ki, həmin çətinliklərin altından necə çıxılacaq”.
M. Mərdanovun sözlərinə əsasən, beynəlxalq aləmə qoşulmaq üçün birpilləli doktorantura təhsilinə keçmək lazımdır:
“Hazırda bu sistemdə elmlər doktoru və fəlsəfə doktoru olmaqla iki fərqli elmi dərəcə mövcuddur. Bu sistemə keçid ediləndə bu elmi dərəcələrin necə adlandırılacağı düşünülməlidir. Yaxud da hər iki sistemin nə qədər işləyəcəyi yaxud işləməyəcəyi də vacib məsələlər arasındadır. Yəni bu məsələ vacib olsa da sadə deyil. Bununla belə buna ehtiyac var”.