"Citi Research" strateqlərinin fikrincə, tarixi olaraq, kriptovalyuta qiymətlərinin əsas makroiqtisadi göstəricisi səhm bazarları olub. Lakin kriptovalyuta bazarı yetkinləşdikcə bu korrelyasiyanın azalacağı gözlənilir.
Xüsusilə riskdən qaçınma dövrlərində kriptovalyutaların spekulyativ xarakteri onların riskli aktivlərlə əlaqəsini gücləndirə bilər. Bununla belə, strateqlər ABŞ-də daha şəffaf tənzimləmə mühitinin formalaşmasının kriptovalyuta qiymətlərində daha fərdi dinamikaların yaranmasına səbəb olacağını bildirirlər.
"2024-cü ildə artım müşahidə olunsa da, uzunmüddətli perspektivdə volatililiyin azalacağı gözlənilir. Çünki kriptovalyutalar portfellərə daha geniş inteqrasiya edilir və institusional investorların iştirakı artır", – "Citi"nin Aleks Saundersin rəhbərlik etdiyi strateqlər qrupu bazar ertəsi yayımlanan hesabatda qeyd edib.
Hesabatda həmçinin vurğulanır ki, 2024-cü il ərzində kriptovalyutalar ABŞ səhm bazarına nisbətdə bazar dəyərini artıran yeganə aktiv sinfi olub.
"Citi" bildirib ki, "Bitcoin" və qızıl arasındakı korrelyasiyanın izlənilməsi vacibdir, çünki bu, "Bitcoin"in dəyər saxlayıcı aktiv kimi potensialını göstərə bilər. Bununla belə, bank hələ ki "rəqəmsal qızıl" ifadəsinin tam yerində olmadığını düşünür. Buna səbəb "Bitcoin"in hazırkı texnologiya və səhm bazarı ilə yüksək korrelyasiyası, eləcə də yüksək volatililiyidir.
""Bitcoin"ə tələbi əsasən spekulyativ maraq və blokçeyn texnologiyasının genişlənməsinə olan optimizm formalaşdırır. Onun volatililiyi isə ənənəvi maliyyə aktivlərinə nisbətən hələ də yüksək olaraq qalır", – hesabatda qeyd edilir.
Bundan əlavə, bank bildirib ki, spot kriptovalyuta birja fondları fəaliyyətlərinin ilk ilində böyük maraqla qarşılanıb və bu, gəlirliliyi artırıb. Bu tendensiyanın davam edəcəyi gözlənilir, xüsusilə tənzimləmə dəqiqliyinin artması və kriptovalyutaların daha geniş qəbul edilməsi fonunda makroiqtisadi göstəricilərlə korrelyasiyanın azalması ehtimal edilir. Daha aydın tənzimləmə çərçivəsinin yaranması institusional investorların kriptovalyutalara marağını artıracaq.
Portfel idarəçiliyi baxımından "Citi" müəyyən edib ki, tarixən "Bitcoin"in daxil edilməsi gəlirliliyi artırıb, baxmayaraq ki, bu, eyni zamanda volatililiyi də yüksəldib. Bankın "Black-Litterman" analizinə görə, illik 8-15% arasında gözlənilən gəlirlilik, çoxaktivli portfellərdə "Bitcoin"in 1-5% nisbətində paylanması ilə uzlaşır.
Wall Street bankı həmçinin bildirib ki, hazırda "Bitcoin"və "Ethereum" oxşar makro risklərə məruz qalır. Lakin gələcəkdə bu iki aktiv fərqli istifadə sahələrinə görə ayrışa bilər.
"Citi" portfelin volatililiyini idarə etmək üçün qiymət əsaslı filtrlər və yenidən balanslaşdırma strategiyalarını – məsələn, hərəkətli ortalamalar və rüblük tənzimləmələri tövsiyə edir.
Nəhayət, strateqlər qeyd edirlər ki, nə kriptovalyutalar, nə də səhm bazarı effektiv inflyasiya qoruyucusu kimi çıxış edib. Bununla belə, kriptovalyutalara olan spekulyativ maraq nəzərə alınaraq, trend-izləmə strategiyalarının hələ də dəyərli ola biləcəyi bildirilir.
Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU