AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
5 fevral harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
5 fevral dövlətimizin Azərbaycan Respublikası adlandırıldığı gündür:
Bu gün Azərbaycan Sovet Sosialist Respublikası adının dəyişdirilərək, Azərbaycan Respublikası adlandırıldığı gündür.
5 fevral 1991-ci il tarixində Azərbaycan SSR Ali Sovetinin qərarı ilə “Dövlətin adının dəyişilməsi” və “Dövlət bayrağı” haqqında qanun qəbul edildi. Üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verildi.
5 fevral 1918-ci ildə dahi Azərbaycan bəstəkarı Qara Qarayev anadan olub:
Konservatoriyada Azərbaycan musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovdan dərs almış Q.Qarayev daha sonra təhsilini Moskva Dövlət Konservatoriyasında böyük rus bəstəkarı Dmitri Şostakoviçin sinfində davam etdirib. Bəstəkarın “7 gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürü və başqa əsərləri dünya musiq xəzinəsinin nadir incilərindəndir. Qara
Qarayev həm də Azərbaycan Dövlət Konservatoriyasında 70-ə yaxın peşəkar bəstəkar yetişdirib.
5 fevral 1942-ci idə teatr xadimi Ağakərim Şərifov vəfat edib:
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.
5 fevral 1963-ci ildə Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Kələntərli vəfat edib:
O, 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.