AZ

Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Elmar Bunyatovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, təqsirləndirilən və zərərçəkmişin tərəfin apellyasiya şikayəti təmin edilməyib, Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib. Elmar Bunyatovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb.

 

İttihama görə, Elmar Bunyatov 2017-2021-ci illərdə “Kapital Bank” ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində çalışıb. Onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham irəli sürülüb.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Elmar Bunyatovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 5 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Fevral 2025, 08:52   
Seçilən
9
1
pravda.az

2Mənbələr