Hindistanın hərəkətləri Cammu və Kəşmirdəki müsəlman çoxluğunu öz torpaqlarında azlığa çevirməyə yönəlib.
“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin Bakıda keçirilən “Kəşmir Həmrəyliyi Günü”nə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Pakistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir vurğulayıb ki, Hindistanın 2019-cu il avqustun 5-də törətdiyi hərəkətdən sonra Cammu və Kəşmirdə insan hüquqlarının pozulması prosesi davam edib:
“Hindistan işğalçı qüvvələri Kəşmir mülki əhalisinə, o cümlədən kişilər, qadınlar, uşaqlar və yaşlılara qarşı güc tətbiq edir. Hindistan qüvvələri tərəfindən Kəşmir gənclərinin həbsi, qadınlarının zorlanması və aramsız qətllər dünya ictimaiyyətini ciddi narahat edir. Hindistan dövlət aparatının insanlıq əleyhinə bu dəhşətli cinayətlərdə iştirakını görmək təəssüf doğurur”.
Diplomat qeyd edib ki, ki, Cammu və Kəşmirdə davam edən vəhşiliklərin xarakteri Hindistanın hazırkı hökumətinin dini azlıqlara, xüsusilə müsəlmanlara qarşı ekstremist ideologiyasını əks etdirir:
“Hindistanın hərəkətləri Cammu və Kəşmirdəki müsəlman çoxluğunu öz torpaqlarında azlığa çevirməyə yönəlib. Vacibdir ki, Hindistan Kəşmir xalqının istəyinə uyğun olaraq BMT-nin himayəsi altında öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməsinə imkan verənə qədər dünya ictimaiyyəti Cammu və Kəşmirin məzlum xalqının yanında olsun”.
Səfir hesab edir ki, Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmir xalqının üzləşdiyi qəddarlıq Ermənistanın Qarabağı işğalı dövründə azərbaycanlıların üzləşdiyi qəddarlıqla eynidir.
“Pakistan hökuməti və Kəşmir xalqı qardaş Azərbaycan xalqına və hökumətinə Cammu və Kəşmir məsələsində davamlı və ədalətli dəstəyinə görə minnətdardır”, - o vurğulayıb.