İspaniya çempionatının hakimlərinin Texniki Komitəsinin rəhbəri Luis Medina Kantalyexo, La Liqanın XXII turunun “Espanyol”la “Real Madrid” arasında keçirilən və “kral klubu”nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatan oyunundan sonra qarşılaşmanın hakimləri ilə iclas keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, görüşdən sonra matçın baş hakimi Alexandro Muniz Ruiz və VAR hakimi İqlesias Villanueva kobud səhvlərə görə müvəqqəti diskvalifikasiya olunublar.
Kantalyexonun fikrincə, "Espanyol"un müdafiəçisi Karlos Romeronun "Real Madrid"in hücumçusu Kilyan Mbappeyə qarşı etdiyi qayda pozuntusu qırmızı vərəqəlik olub.
Qeyd edək ki, Madrid təmsilçisinin əks-hücumunda Mbappeyə qarşı arxadan kobud oyundan sonra Alexandro Muniz Ruiz Romeroya yalnız sarı vərəqə göstərmişdi. Qarşılaşmadan sonra futbolçunun özü, kobud oyuna görə fransalıdan üzr istəyib. “Real Madrid”in rəhbərliyi isə hakimlərin idarəetməsindən İdman üzrə Ali Şura daxil olmaqla İspaniya Kral Futbol Federasiyasına rəsmi şikayət göndərib.