Ağrı ilə üzləşdiyimiz zaman apteklərdən ən çox aldığımız dərmanın adı “Nimesil”dir. Son illər Azərbaycanda da populyarlıq qazanan bu dərmana həddindən artıq tələbat var. Ancaq son günlər bu dərmanın təkcə ağrıkəsici xüsusiyyətləri deyil, məhz zərərləri də müzakirə olunur.
Bildirilir ki, dərman kimi qəbul edilən “Nimesil” bir sıra fəsadlara yol açır. Onu da bildirək ki, bu dərman vasitəsi təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlar doğurduğu üçün ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya kimi ölkələrdə istifadəyə yararsız hesab olunur və istifadəsi qadağan olunub. Beynəlxalq Dərman Bülletenləri Cəmiyyətinin (ISDB) bəyanatında bildirilir ki, “Nimesil” və onun bütün növləri qara ciyərə vurduğu ciddi zərərə görə bütün dünyada ləğv edilməlidir. Artıq Finlandiya, İspaniya, İrlandiya və Sinqapur qara ciyərin ciddi zədələnməsi ilə bağlı xəbərlərdən sonra nimesulid tərkibli dərmanları bazardan çıxarılıb.
Qeyd etdiyimiz kimi, bu dərmana ölkəmizdə tələbat yüksəkdir.
Rasif Bağırov: “Blokium” qədər fəsadı yüksək olan dərman az saydadır, “Nimesil” bunun yanında heç nədir”
Həkim ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Nimesil” ağrıkəsici dərmandır. Ağrıkəsici dərmanların isə xalqa məlum olmayan çoxlu sayda mənfi təsirləri var: “Bu dərmanın xarici ölkələrdə istifadəsinin qadağan olunmasına səbəb kimi selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qara ciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır. Ümumiyyətlə, bütün ağrıkəsicilər orqanizmə ziyandır. Hazırda ən ağır ağrıkəsici “Blokium” hesab olunur. Mən bir həkim olaraq bu dərmanı yazmıram, məsləhət də görmürəm. Çünki “Blokium”u yazsam, xəstə mənə mədəsindən qan gəlməsi ilə müraciət edəcək. Bu dərman mədədən qan axmasına səbəb olur. Ancaq təəssüf ki, bu gün ölkəmizdə həkimlər qeyd etdiyim ağrıkəsicini su yerinə də istifadə edirlər. “Blokium” qədər fəsadı yüksək olan dərman az saydadır, “Nimesil” bunun yanında heç nədir”.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi: “Müvafiq risqlər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir”
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Bakı-Xəbər”ə bildirildi ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır: “Bir qrup ölkələrdə risqləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və sair). Digər bir qrup ölkələrdə, əgər risqlər idarə edilə bilirsə, yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur. Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə (İtaliya, Türkiyə, Polşa, Xorvatiya, Bolqarıstan, Macarıstan, Finlandiya, Yunanıstan, Meksika, Braziliya, Latviya, Litva, Malta, Kipr, Rusiya, Türkmənistan, Ukrayna, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və s.) istifadəsinə icazə verilib. Bu tərkibli dərman vasitələri ölkəmizdə, dərman vasitəsi ilə əlaqəli müvafiq tövsiyələrə (qısa müddətli istifadəsi, resept əsasında buraxılması, ciddi həkim nəzarəti altında təyin edilməsi) riayət edilərək, nimesulidin faydasının potensial risklərindən üstün olduğu qərarı verildikdən sonra istifadəsini nəzərə alaraq və bir sıra farmakonəzarət tədbirlərinin icrası şərti ilə (dərman vasitəsinin təhlükəsizlik profilinin davamlı izlənilməsi) qeydiyyata alınıb.
Bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir. Ümumiyyətlə, bu kimi risqləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkiminiz tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı nisbət qiymətləndirilməlidir. Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qara ciyər toksikliyi risqi nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin müvafiq risqlər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir”.
Günel CƏLİLOVA