AZ

Banklar kredit kartlarının limitini vətəndaşlardan xəbərsiz artırır...Xəbərdarlıq...

Image

Əkrəm Həsənov: “Müştərinin xəbəri, razılığı olmadan bank həmin şəxsə aid olan kredit kartının limitini artıra bilməz”

Sosial şəbəkələrdə fərdi şəxslərə aid və banklar tərəfindən verilən kredit kartı limitlərinin müştərinin xəbəri olmadan artırılması ilə bağlı müzakirələr getdikcə daha çox yayılır. Bildirilir ki, banklar heç bir xəbərdarlıq etmədən kredit kartının limiti artırırlar. Limit artdıqca vətəndaşların borc yükünün də paralel olaraq artdığı iddia olunur. 

Qeyd edək ki, kredit kartı limitləri ilə bağlı məsələlər vətəndaşla bank arasında bağlanmış müqavilə ilə tənzimlənir. Bu müqavilə banklar haqqında qanuna və Mülki Məcəlləyə uyğun hazırlanır.

Maraqlıdır, kart limitini müştərinin xəbəri olmadan artırmaq mümkündür?

“Müştəri kredit limitinin artırılmasına razılıq veribsə, banka gedib müqaviləni imzalamalıdır, bu kimi hallar baş vermirsə, müştəri həmin bankı məhkəməyə verə bilər”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müştəriinin xəbəri olmadan onun kredit kartının limiti artırıla bilməz: “Sadəcə olaraq banklar müqavilədə kredit limitinin artırılması məsələsini bənd  kimi göstərirlər. Ancaq bu qanunsuzdur. Bu vəziyyətlə qarşılaşanlar məhkəməyə müraciət edib, müqavilədə qeyd edilən həmin  bəndi etibarsız hesab olunmasını tələb edə bilərlər”.

Həmsöhbətimizin sözlərinə görə, müştərinin xəbəri, razılığı olmadan bank həmin şəxsə aid olan kredit kartının limitini artıra bilməz. Müştəri kredit limitinin artırılmasına razılıq veribsə, banka gedib müqaviləni imzalamalıdır. Bu kimi hallar baş vermirsə, müştəri həmin bankı məhkəmə verə bilər: “Vətəndaşlar kredit götürərkən, kredit kartı alarkən müqavilə şərtlərini diqqətlə oxumalıdır. Bankla müştəri arasında müqavilə bağlandıqda orada kredit limiti ilə bağlı bütün şərtlər qeyd edilir. Onu da deyim ki, kredit limitinin artması nəticəsində məsuliyyətsiz borclanma istiqamətində meyllilik olur. Böyük kütlələr kredit limitlərinin daha yuxarı olması arzusundadır. Banklar daha çox məhsul təqdim etməklə yüksək qazanc əldə etməyə çalışırlar. Vətəndaşlar da ehtiyaclarını ödəmə fürsətindən yararlanmağa çalışırlar”.

Günel CƏLİLOVA 





Seçilən
0
baki-xeber.com

1Mənbələr