AZ

Ermənistan 2025-ci ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı addım atacaq? - RƏY

"Zəngəzur dəhlizinin açılması üçün təməl addımlar artıq Azərbaycan tərəfindən atılıb".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan artıq Zəngəzur dəhlizi üçün təməl sayıla biləcək prosedurları yaradıb:

"44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizdən sonra Füzulidən Ağbəndə qədər yol çəkilib. Həmçinin, Ordubaddan, yəni Mehridən Sədərəyə qədər avtomobil və dəmir yolu artıq hazırdır. Əslində, bunlar Zəngəzur dəhlizinin açılmasına hazırlıq çərçivəsidir. Bütün bunları dəhlizin açılması yönündə möhkəm təməl addımlar adlandırmaq olar".

367165

Ekspert qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində müvafiq addımları atsa, Azərbaycandan başlayan yol Türkiyənin sərhədlərindən Avropaya qədər davam edə bilər:

"Lakin əfsuslar olsun ki, İrəvan hakimiyyəti bu yolda lazımi addımları atmaq istəmir. Ermənistan Zəngəzur dəhlizinin açılması üçün çox vacib sayılan 2020-ci ildə imzalanan 10 noyabr Bəyanatının prinsiplərinə əməl etməklə bağlı mövqe nümayiş etdirmir. Əksinə, rəsmi İrəvan həm Zəngəzur dəhlizinin bir dəhliz kimi açılmasına əngəl yaradır, həm də bölgədə sülhün yaranmasına mane olur".

Aydın Quliyev təəssüflə əlavə edib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılması üçün 2025-ci ildə real addım atacağı inandırıcı görünmür:

"Lakin Azərbaycan tərəfi Zəngəzur dəhlizinə qədər olan lazımi yol infrastrukturunu artıq yaradıb. Ermənistanda olan 46 kilometrlik hissədə işlərin görülməsi İrəvan hakimiyyətindən asılıdır. Hərçənd ki, onların cari ildə bu istiqamətdə addım atacaqları gözlənilmir. 

Bəlkə də, Rusiyanın və ya Qərbin göstərişləri əsasında İrəvan tərəfindən Zəngəzur dəhlizində avtomobil və dəmir yolunun açılışı üçün texniki-iqtisadi əsaslandırma mərhələsinin hazırlanması yönündə iş başlaya bilər. Hazırda dəhlizin açılmasına əsas problemlərdən biri də texniki-iqtisadi əsaslandırmanın olmamasıdır. Yəni dəmir yolunun necə bərpa olunacağı, avtomobil yolunun nə cür çəkiləcəyi kimi suallar hələ də tam şəkildə cavablanmamış qalır".

Pərviz

Seçilən
1
hit.az

1Mənbələr