Rusiya prezidenti Vladimir Putin ölkənin “Eurovision”da iştirakına mane olan sanksiyalara cavab olaraq Sovet dövründən qalma “İntervision” mahnı müsabiqəsini yenidən təşkil etmək qərarına gəlib. Putinin imzaladığı sərəncama əsasən, beynəlxalq musiqi müsabiqəsi bu il keçiriləcək.
Hafta.az-ın yazdığına görə, müsabiqənin məqsədi beynəlxalq mədəni-humanitar əməkdaşlığın gücləndirilməs kimi müəyyən edilib və təşkilat komitəsinin rəhbəri baş nazirin müavini Dmitri Çernışenko təyin olunub. Müşahidə şurasının sədri Kremlin əsas simalarından biri, prezident administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkodur.
“İntervision” 1970-ci və 1980-ci illərin əvvəllərində Sovet İttifaqı ilə sosialist blokuna daxil olan ölkələr arasında keçirilən musiqi yarışması idi. Həmin vaxt Polşanın Sopot, eləcə də Çexoslovakiyanın Praqa və Bratislava şəhərlərində keçirilən tədbir “Soyuq Müharibə” dövründə “Eurovision”a alternativ kimi qiymətləndirilmişdi. Rusiya 2022-ci ildən “Eurovision”a qadağa qoyulduqdan sonra 2023-cü ilin noyabrında mədəniyyət naziri Olqa Lyubimova “İntervision” müsabiqəsini canlandırmaq ideyasını irəli sürüb. Birinci Kanalın baş meneceri Konstantin Ernst bildirib ki, Rusiyanın təşkil etdiyi bu yeni tədbir siyasi məhdudiyyətlərdən azad, hər kəsin sərbəst oxuya biləcəyi platforma olacaq. O, həmçinin BRİCS ölkələrinin müsabiqəyə qatılacağına ümid etdiyini bildirib.
Putin 2023-cü ilin payızında Çin prezidenti Si Cinpinlə görüşündə “İntervision” müsabiqəsinin bərpasını müzakirə etdiyini və Sinin bu ideyanı dəstəklədiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Alimov Pekinin yarışa xüsusi nümayəndə təyin etdiyini və Rusiyanın digər ölkələrdən də oxşar addımlar gözlədiyini bildirib. Diplomatik mənbələr beynəlxalq səviyyədə müsabiqəyə böyük marağın bəslədiyini və Moskvanın tədbirin böyük uğurla keçəcəyinə əmin olduğunu vurğulayır. Prezidentin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy müsabiqənin 2025-ci ilin payızında 20-yə yaxın ölkənin iştirakı ilə keçiriləcəyini və sonrakı illərdə müsabiqənin dünyanın müxtəlif ölkələrində də keçirilməsinin planlaşdırıldığını bildirib.