Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu qədər sosial şəbəkənin başlanğıcının necə yarandığı, ilk təməlin kim tərəfindən qoyulduğu maraq doğurur. Bu maraq bizi 1997-ci ildə yaradılmış "Six Degrees" platformasına aparır.
Valyuta.az xəbər verir ki, 1997-ci ildə Andrew Weinreich tərəfindən yaradılan “Six Degrees” ilk sosial şəbəkə platforması hesab olunur.
Bu platforma insanların "altı dərəcə ayrılıq" nəzəriyyəsinə əsaslanaraq bir-biri ilə əlaqəli olduğunu sübut etməyə çalışırdı. Bu nəzəriyyəyə görə, dünyanın istənilən iki insanı maksimum altı sosial əlaqə vasitəsilə bir-birinə bağlana bilərdilər.
“Six Degrees” in ilk addımı
Müasir sosial media anlayışı 1990-cı illərdə formalaşmağa başladı. 1960-1970-ci illərdə müxtəlif kommunikasiya vasitələri mövcud olsa da, bugünkü sosial şəbəkə anlayışı 1990-cı illərdə ortaya çıxdı. 1980-ci illərdə fərdi kompüterlər geniş yayıldıqca, insanlar internet üzərindən bir-biri ilə daha rahat ünsiyyət qura bildi. Blog platformalarının populyarlaşması ilə birlikdə sosial şəbəkələrin təməli atıldı və bu sahədə ilk addımı "Six Degrees" atdı.
Bugünkü sosial şəbəkələrin üstünlükləri “Six Degreess”in üstünlüklərindən ilham alınaraq yaradılıb. Bu ilk sosial şəbəkədə istifadəçilər profil yarada, dostlarını siyahıya əlavə edə bilirdi, Həmçinin başqa istifadəçilərin dost siyahılarına baxmaq, onlayn ünsiyyət və əlaqə qurmaq imkanı yaradırdı.
“Six Degrees”in uğursuzluğu
Bütün yenilikçi xüsusiyyətlərinə baxmayaraq, platforma bir sıra çətinliklərlə üzləşdi. O dövrdə internetin sürəti kifayət qədər yavaş idi, insanlar hələ onlayn sosial əlaqəyə tam alışmamışdı, platformanın maliyyə problemləri vardı. Bütün bu səbəblər “Six Degrees”in uzunmüddətli uğur qazana bilməməsinə gətirib çıxardı. 2000-ci ildə 125 milyon dollara “YouthStream Media Networks” şirkətinə satıldı, lakin 2001-ci ildə platforma bağlandı.
“Six Degrees”in sosial medianın inkişafına təsiri
"Six Degrees" qısa müddətli layihə oldu, lakin onun uğursuzluğu belə sosial medianın inkişafına böyük təsir göstərdi. “Friendster”, “MySpace”, “Facebook”, “Linkedin” kimi gələcək sosial şəbəkələr üçün bir təməl rolunu oynadı və onlayn əlaqələrin necə inkişaf edəcəyini müəyyənləşdirdi.
21-ci əsrdə sosial medianın yeni dövrü
2000-ci illərin əvvəllərində “MySpace”, “Facebook”, “Twitter”, “YouTube”, “Pinterest”, “Tumblr” kimi platformalar yarandı və sosial şəbəkələr daha geniş yayıldı. Bu gün bu platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib və insanları bir-biri ilə əlaqələndirməkdə mühüm rol oynayır. “Six Degrees” qısa ömürlü olsa da, internet tarixində sosial medianın başlanğıc nöqtəsi kimi qalmaqdadır.
Sərvanə Rəmixanova