AZ

Hindistan Kleopatrası – Sultan Raziyə bəyim

Türklərin tarixində kişi hökmdarlar, sultanlar, şahlarla bərabər, dövləti zaman-zaman qadın hökmdarlar da idarə edib, adlarını türk tarixinin şanlı səhifələrinə qızıl hərflərlə yazdırıblar. Türk tarixinin qadın hökmdarı Tomris, Xəzər Xaqanlığının qadın hökmdarı Parsbit və ya Prisbit, Uyğur hökmdarı Dilşad xatun, Atabəy Cahan Pəhləvanın qızı, Naxçıvan xanı Cəlaliyyə, Quba və Dərbənd hakimi Pəricahan xanım, Dərbənd hakimi, Quba xanı Fətəli xanın xanımı Tuti Bikə, Şahbanu Raziyə Sultan Səfəvi…Bu siyahını uzatmaq da olar.

Bugünki söhbətimiz isə 1206-cı ildən 1526-cı ilədək Hindistanda hakimiyyətdə olan Dehli Türk Dövlətinin (Bu dövləti idarə edən sülalələr və hökmdarlar haqqında ayrıca söhbət açacağıq) ilk və yeganə qadın hökmdarı, Şəmsiyyə sülaləsinin üzvü, dövlətin üçüncü hökmdarı Şəmsəddin Eltutmuşun qızı, Hindistan Kleopatrası adını alan Sultan Raziyyə bəyim haqqında olacaq.

Onu da deyək ki, 320 il hakimiyyətdə olan Dehli Türk Dövlətini 9 sülalə, 42 şah idarə edib. Orta əsrlərdə qadının hakimiyyətə gəlməsi və ya şahlığı ələ keçirməsi nadir hadisə idi. Raziyə bəyimin adı Dehli Türk Dövlətini idarə edən ən güclü hökmdarların sırasına düşüb.

1232-ci ildə Şəmsəddin Eltutmuş Qvalior qalasını fəth etdikdən sonra Dehliyə qayıdır. Bu vaxta qədər onun böyük oğlu, Benqal valisi Nasirəddin Mahmud vəfat etdiyi üçün Eltutmuş vəziri və bir sıra əmirləri yanına çağıraraq qızı Raziyənin onun vəliəhdi olduğunu elan edir və Tacəl-mülk Mahmuda bununla bağlı fərman hazırlamağı tapşırır.

Şəmsəddin Eltutmuş 1236-cı ildə vəfat etdikdən sonra atasının vəsiyyətinin əksinə olaraq əyanlar taxta Raziyə bəyimi yox, Şəmsəddinin oğlu Rüknəddin Firuz şahı çıxarırlar. Lakin əyləncə aludəçisi, dövləti idarə etmək qabiliyyəti olmayan Firuz şah xəzinəni boşaldır, dövlətin idarəçiliyi təhlükə qarşısında qalır.

Raziyə bəyim atasının mülkünün dağıdıldığını görür, lakin heç nə edə bilmir, ən nəhayət, əyanlarla söhbət edir, onları inandıra bilir ki, belə getsə, qısa müddətdə dövlət dağılacaq. Atasının vəsiyyətinin əksinə olaraq, taxta Rüknəddin Firuz şahın çıxarılması Raziyə bəyimi narahat edir. Odur ki, xalqa müraciət etmək qərarına gəlir. Əslində, o, atasının ona vəsiyyət etdiyi taxt-tacı geri almaq, diqqət və dəstək qazanmaq üçün atasının siyasətindən istifadə edir. Mənbələrə görə, bu dövrdə Hindistanda insanlar, demək olar ki, ağ paltar geyinib. Bu da isti ölkələr üçün xarakterik bir haldır. Şəmsəddin Eltutmuş şah sarayına gəlib şikayət edən, nədənsə narazı qalan, işləri ədalətlə həll olunmayan adamlar üçün ayrıca fərman vermişdi. Sarayın qarşısına gələn şikayətçilər üçün xüsusi zəng quraşdırılıb, zəngi vurmaqla yanaşı, sultandan ədalət istəyən hər kəsə rəngli paltar geyinməsi də təklif olunurdu. Sultan sarayda olmayanda iqamətgahın qarşısında rəngli paltar geyinənləri saraya dəvət edib şikayətinə qulaq asıb həll edərdilər. Raziyə həyatının bu çətin anında qırmızı paltar geyinib, xalqın arasında gəzib, qardaşına qarşı onlardan kömək istəyib. Atasının vəsiyyətinin əksinə olaraq taxtdan haqsız yerə uzaqlaşdırıldığını, ədalətsizliyin qurbanı olduğunu bildirib, Rüknəddinə qarşı ittiham irəli sürüb, həmçinin onu böyük qardaşı Nasirəddin Mahmudu öldürməkdə ittiham edib.

Raziyə bəyim müraciətində həyatı təhlükədə olduğu üçün xalqdan onu qorumağı xahiş edib. O, planını həm də cümə günü, müsəlmanların əksəriyyətinin məscidlərdə və digər ictimai yerlərdə toplaşdığı bir gündə həyata keçirir. Raziyənin planı baş tutur, hərbçilərin bir hissəsi və onu dəstəkləyən xalq ayağa qalxır, əyanlar da Raziyə bəyimin ağlına, dövləti böhrandan qurtarmaq planlarına inanıb cəmi 6 ay 28 gün sonra Rüknəddin Firuz şahı devirib yerinə onu əyləşdirirlər.

Sultan Raziyə bəyim 1205-ci il oktyabrın 13-də Dehli Türk Dövlətinin dördüncü Sultanı Şəmsəddin Eltutmuşun və Türkan xatunun ailəsində dünyaya gəlib. Dehli Türk Dövlətinin qurucusu və ilk hökmdarı Sultan Qütbəddin Aybəkin nəvəsi, dövlətin 5-ci sultanı, 320 il yaşayan sultanlığın yeganə qadın hökmdarı Sultan Raziyə bəyim 1236-cı ilin noyabrında 31 yaşında hökmdar elan edilib və 1240-cı illərdə hakimiyyətdə olub, dörd il böyük bir dövləti ədalətlə idarə edib.

Şəmsəddin Eltutmuşun hədd-buluğa çatmış üç oğlu ola-ola hakimiyyəti qızına verməsi ilə bağlı əyanlar etiraz edən zaman Şəmsəddin Eltutmuş deyib ki, oğlanlar vaxtlarının çoxunu sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil: “Mənim oğlanlarımın heç birində məmləkət idarəetmə qabiliyyəti yoxdur. Raziyə qadındır, amma zəkası və uzaqgörənliyi ilə qardaşlarından üstündür. Raziyə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insandır”.

Qardaşlarından fərqli olaraq Raziyə daha böyük potensiala malik idi, hərb işləri ilə daha yaxından maraqlanır, ox atmağı, qılınc tutmağı bacarır, müxtəlif sahələrdə istedad nümayiş etdirirdi və buna görə də atasının sevimlisi idi.

Şəmsəddin Eltutmuş Dehlidə olmadığı müddətdə Raziyə bəyimi özünə müavin təyin edirdi, o günlərdə bütün məsələlərin həlli Raziyəyə həvalə olunurdu.

Atası onu ləyaqətinə və zəkasına görə özünün varisi seçmişdi. İstər müsəlman dünyasında, istərsə də xristian Avropada qadınların knyazlıq, səltənət və sultanlıq sahibi olması qeyri-adi idi.

Mənbələrdə bildirilir ki, Raziyə bəyim imanlı və güclü bir dövlət başçısı olub. Mənbələrdə Sultan Raziyə bəyimin yaxşı təhsil aldığı, gözəl Quran oxuduğu bildirilir. Hərbi və inzibatçılıq xüsusiyyətləri ilə yanaşı, Sultan Raziyə həm də Şirin Dihləvi və Şirin Quri təxəllüsləri ilə fars dilində gözəl şeirlər yazıb və bu əsərlər farsca yazılsa da Hindistanda yaranan türk ədəbiyyatının ən gözəl nümunələri sırasına düşüb.

Raziyə bəyim hakimiyyəti dövründə Dehlidəki dini fanatizmlə bağlı üsyanı yatırdır, digər münaqişələrə son qoymaq üçün çalışır, dövlətin sərhədlərini möhkəmləndirmək üçün hərbi yürüşlər keçirir, qadın paltarını kişi libasına dəyişib yay-oxla silahlanaraq xalqın arasına çıxır, onlarla səmimi rəftar edərmiş. Bu, əyanların xoşuna gəlmir, onlar qadın paltarı geyməyən, başını bağlamayan, cübbə geyinib, başına külah qoyub fil üzərində, bəzən də at belində xalq arasında dolaşan Sultan Raziyə bəyimə qarşı çıxırlar.

O biri yandan da bölgələrin hakimləri Raziyə bəyimin hakimiyyətini tanımaqdan imtina edirlər. Raziyə bəyim ordu ilə onların üstünə gedir və danışıq yolu ilə onları sakitləşdirə bilir, bu hakimləri öz çətiri altında birləşdirir. Bədənpurda indusların müsəlmanlara hücumları ilə bağlı xəbəri eşidib ordu ilə oraya gedir və müsəlmanları xilas edir.

Hakimiyyətinin ilk günlərində atası Şəmsəddin Eltutmuşun dövründə qəbul olunan, qardaşı Firuz şahın zamanında ləğv edilən və əməl olunmayan qanunlara yenidən baxır, onları bərpa edir. Yeni qanunlara imza atır, ədalətin hakim olduğu bir dövlət yaradıldığını elan edir. Dövlətin qərbində hakimiyyətə qarşı etirazlar başlaması haqda xəbərlər gəlir, üsyançı induslar Dehlidəki Cümə məscidinə basqın edərək müsəlmanları öldürür, müxtəlif tələblər irəli sürürdülər. Raziyə bəyim öz ağlı, cəsarəti və idarəçilik bacarığı ilə etirazları və üsyanı yatırda bilir.

Raziyə gənc yaşlarından idarəçilik bacarığını nümayiş etdirib. Raziyə bəyimin şahzadəlikdən hökmdarlığa qədər olan yolu asan olmayıb, lakin o, Dehli Türk Dövlətinin uğurlu idarəçiliyinin açarı olan hərbi istedada, incə və dərin düşüncəyə malik idi.

Raziyə bəyimin hökmdarlığı illərində tökülən sikkələrdə "Umdat annisvan mələkə – i zaman Sultan Raziyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı Sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") sözlərini həkk etdirməyi əmr edir.

Dehli Türk Dövlətində türklərlə yanaşı, digər xalqların nümayəndələri də fəaliyyət göstəriblər. Həbəş əsilli Yaqutun Raziyə bəyimin yaxın ətrafında olması, təbi ki, türk əyanlarının xoşuna gəlmirdi.

Dörd illik hakimiyyətdən sonra Eltutmuşun oğlu Bəhram şahın təşəbbüsü, ordudakı bir neçə yüksək səviyyəli hərbçinin dəstəyi ilə Raziyə bəyimə qarşı üsyan qaldırılır. Onu devirib yerinə qardaşı Bəhram şahı gətirirlər. Hindistan yazıçısı Fatimə Mernissi "İslamın unudulmuş kraliçaları" kitabında iddia edir ki, Raziyə aşağı səviyyəli efiopiyalı bir kölə olan Yaqutu sarayda yüksək vəzifəyə yüksəltdiyi və ona aşiq olduğu üçün taxtdan salınıb. Düşmənləri onu diqqətlə izləyir və bu qulun Raziyənin əllərindən tutub ata minməsinə necə kömək etdiyinin şahidi olurlar. Hökmdarla ona tabe olan qul arasında belə bir ünsiyyət etikadan kənar hesab olunur və bu onun adına ləkə gətirirdi.

Belə bir vaxtda Raziyə hələ də onu dəstəkləyən qoşunlarla Dehlidən qaçır. Raziyə bəyimi əmir Malik İxtiyarəddin Altuniyyənin başçılıq etdiyi ordu təqib edirdi. Altuniyyənin və Raziyə bəyimin qoşunları arasında baş verən döyüşdə Raziyənin qüvvələri məğlub olur və əsir götürülür. Tezliklə Altuniyyə tutduğu əsirinə–Raziyə bəyimə aşiq olur, onu əsirlikdən azad edir və Raziyəyə dəstək verəcəyini bildirir. Aytuniyyə qüvvələrini toplayıb Dehliyə birlikdə getməzdən əvvəl evlənirlər.

1240-cı ildə Altuniyyənin qüvvələri Raziyə bəyimin yenidən taxta çıxması üçün Dehliyə doğru yürüş edir. Müharibə Bəhram şahın qələbəsi ilə bitir, Altuniyyə öldürülür. Raziyə bəyim səhrada ac-susuz qalır, əsir düşməsin deyə kasıb bir indus kəndlisinin evinə sığınır, qoca indusdan çörək və su istəyir. Kişi Raziyə bəyimi evinə dəvət edib yemək verir, sonra Raziyə yorğunluqdan oturduğu yerdə yuxulayır. Yatarkən Raziyə bəyimin zirehli paltarının altında zəngin ləl-cəvahiratı görən kişi onun qadın olduğunu anlayır. Qoca Raziyə bəyimin üstündəki bahalı paltarlara, daş-qaşa görə onu yatdığı yerdə öldürür, atını oğurlayır, bütün qiymətli əşyalarını götürüb Raziyə bəyimi öz tarlasında basdırır. Qoca Raziyə bəyimin paltarlarını və daş-qaşını bazarda satmaq istəyərkən yaxalanır. Orta əsr tarixçisi Osman Curcaninin yazdığına görə isə Dehli döyüşündəki məğlubiyyətdən sonra Raziyə və Altuniyyə tutulur və Bəhram şahın əmri ilə 1240-cı il dekabrın 25-də Kantxal şəhərində edam edilirlər.

Raziyə bəyim sultan kimi Dehlidə dəfn olunub, məzarının üstündə türbə ucaldılıb, baş daşında ölüm tarixi 1240-cı il 13 oktyabr yazılıb. Elə o vaxtdan Sultan Raziyə bəyimin məzarı övliya kimi ziyarətgaha çevrilib, adamlar, illah da gənclər tez-tez bu məkana gəlir, dua edirlər.

Sultan Raziyə bəyimin həyatı və fəaliyyəti ilə bağlı xalq arasında əfsanələr, rəvayətlər dolaşıb, romanlar yazılıb. Onun həyatı ilə bağlı monoqrafiyalar, elmi əsərlər çap olunub.

1961-ci ildə Hindistanda rejissor Devendra Qoel "Raziyə sultan" adlı (ingilis dilində “Razia Sultana”) bədii film çəkib.

1983-ci ildə Hindistanda rejissor Kamal Əmrohinin “Sultanın qızı” adlı filmi çəkilib.

2015-ci ildə 153 hissəli “Sultan Raziyə” serialı ekranlara çıxıb.

Bu serial Sultan Raziyə bəyimin həyatı, yüksəlişi və hakimiyyəti haqqında maraqlı bir dastandır. Kino mütəxəssisləri və sənətşünaslar bu filmi Türkiyənin məşhur “Möhtəşəm 100 il” filmi ilə müqayisə edir, hətta “Sultan Raziyə” serialının sənətkarlıq baxımından heç də o filmdən geri qalmadığını bildirirlər.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Seçilən
9
xalqqazeti.az

1Mənbələr