AZ

Karlos Alkaras “Everton”da - Rəsmi

Braziliyanın “Flamenqo” klubunun mərkəz yarımmüdafiəçisi Karlos Alkaras bundan sonra “Everton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi 22 yaşlı argentinalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Keçidin maddi detalları barədə ətraflı məlumat verilmir. Yarımmüdafiəçi yeni komandasının heyətində 24 nömrəli forma altında çıxış edəcək.

Karlos Alkaras “Rasinq Klub”un yetirməsidir. Daha öncə İngiltərədə “Sauthempton”un da formasını geyinmiş futbolçu bir müddət də İtaliyada “Yuventus”da icarədə olub. “Flamenqo” onu 2024-cü ilin avqustunda 18 milyon avro müqabilində heyətinə qatmışdı. Alkaras Braziliya klubunun heyətində 19 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Karlos Alkaras Argentinanın U-23 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

“Everton”un mərkəz yarımmüdafiəçisi Harrison Armstronq isə “Derbi Kaunti”yə keçib. Sözügedən klub 18 yaşlı ingiltərəli futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Armstronqun öz klubu ilə müqaviləsi isə 2028-ci ilin 30 iyununa qədərdir.

Harrison Armstronq “Everton”un öz yetirməsidir. O, doğma klubunun əsas komandasında cəmi 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu İngiltərənin U-18 yığmasında da oynayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Seçilən
11
arena.az

1Mənbələr