AZ

“Şirin” xəstəliyin acı nəticələri

Son illər ölkəmizdə şəkərli diabet xəstələrinin sayının artdığı qeyd olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş xəstələrin sayı 30 min 236 nəfər olub. 2020-ci ildə 25 min 430 nəfər qeydə alınıb. Rəqəmlər də göstərir ki, ildən-ilə şəkərli diabet xəstələrinin sayı artır. Təbii ki, burada genetik faktorlar xüsusi yer tutur, amma mütəxəssislər son illərdə müxtəlif xəstəliklərin sayının artmasını, yeni xəstəliklərin meydana gəlməsini qəbul etdiyimiz qidalarla bağlayırlar.

Son statistikaya əsasən, hazırda ölkəmizdə diabet xəstələrinin sayı 300 minə yaxındır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Ölüm səbəbinə görə, şəkərli diabet kardioloji və onkoloji xəstəliklərdən sonra 3-cü yerdədir. Bu xəstəlik yalnız tibbi yox, həm də sosial, iqtisadi və psixoloji problemlər yaradır.

Müsahibimiz Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri, “Ege Hospital”ın uzman terapevt – endokrinoloqu Xəyyam Eyvazovdur:

– Doktor, şəkərli diabet nədir, onu yaradan səbəblər hansılardır? Müayinə nəticələrinə uyğun kimlər şəkərli diabet xəstəsi sayılır?

– Şəkərli diabet bir çox ciddi xəstəliklərin meydana gəlməsində rol oynayan və dünyada rast gəlinən bir xəstəlikdir. Əsas göstəricisi qanda şəkərin miqdarının çox olmasıdır. Xəstəliyin səbəbi insulin hormonunun ifrazının hansısa səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumaların insulinə qarşı rezistentlik hala gəlməsidir. Şəkər xəstəliyi arasında ən çox rast gəlinən və adətən 35–40 yaşdan sonra müşahidə edilən Tip 2 diabetdir. Diabetin bu növündə mədəaltı vəzin hüceyrələrində insulin ifraz olunarkən, insulin reseptorlarının fəaliyyətsizliyi səbəbindən hormona qarşı həssaslıq itir. Belə olanda insulin qlükozanı hüceyrələrə ötürə bilmir və onun miqdarı qanda çoxalmağa başlayır. Bununla da xəstəlik meydana çıxır. Şəkərli diabet qismən və ya mütləq insulin çatışmazlığı və periferik toxumalarda insulin rezistenti səbəbilə meydana çıxan qan şəkər yüksəkliyi ilə seyr edən xroniki xəstəlikdir. Şəkərli diabeti yaradan səbəblər tipinə görə müxtəlifdir. Bu 1-ci tipdə mədəaltı vəzinə qarşı yaranan antitellər, 2-ci tipdə isə metabolik pozğunluqlar, piylənmə, oturaq həyat tərzi, genetik faktorlar və digər amillərdir. Son protokollara əsasən, şəkərli diabet diaqnozu qoymaq üçün sadalanan kriteriyalardan biri – aclıq qan şəkərinin 126 mq/dl-dən, günün hər hansı vaxtında baxılan toxluq qan şəkərinin 200 mq/dl-dən, glikohemoqlobin dəyərinin 6.5 faizdən yüksək olmasıdır.

Aclıq qan şəkəri son yeməkdən sonra ən azı 8 saat ərzində heç bir şey yeməmiş və ya içməmiş bir insanın qan şəkərinin səviyyəsidir. Bu ölçü insanın mədəsi boş olduqda bədəndəki qlükoza səviyyəsini və maddələr mübadiləsinin əsas enerji mənbəyini göstərir. Toxluq (postprandial) qan şəkəri isə yeməkdən sonra insanın qan şəkərinin səviyyəsini ölçmək üçün istifadə edilən dəyərdir. Adətən, yeməkdən sonra 1–2 saat ərzində ölçülür. Nəticə insanın yediyi qidaların qan şəkəri səviyyəsinə necə təsir etdiyini qiymətləndirməyə kömək edir.

– Şəkərsiz diabet xəstəliyi də olurmu?

– Bəli, ancaq o, fərqli patologiyadır. Digər adı Diabetes İnsipidus adlanır və antidiuretik hormon (ADH) çatışmazlığı səbəbilə yaranır, çoxlu sidik ifrazı (6–8 litr) ilə özünü göstərir.

– Şəkərli diabetin piylənmə, artıq çəki ilə əlaqəsi. Xəstəlik piylənmə yaradır, yoxsa piylənmə diabetə yol açır?

– Piylənmə şəkərli diabetin yaranma riskini artırır. Artıq çəki hüceyrələrdə insulin həssaslığını azaldaraq, Tip 2 diabetin yaranmasına səbəb olur. Həmçinin şəkərli diabet zamanı insulin və bəzi şəkərsalıcı dərman preparatlarının qeyri-düzgün istifadəsi kilo artımına səbəb ola bilər.

– Xəstəliyi təyin etmək üçün qlükoza, insulin, glikohemoqlobin yoxlanır. Glikohemoqlobin nədir? 1 aylıq pəhrizlə onun səviyyəsini endirmək olurmu?

– Qlikohemoqlobin dəyəri qanda qlükozalaşmış hemoqlobinin miqdarını göstərir. Bu da bizə yaxın 3 ayda xəstənin qan şəkəri səviyyəsi barədə məlumat verir. Bir aylıq ciddi pəhriz saxlayanda qanda qlükoza və insulinin səviyyəsi enir, amma glikohemoqlobin əvvəlki göstəricini saxlayır. Çünki bu dəyər qanda eritrositlərin yaşam müddətilə korreksiya olunur. Eritrositlərin yaşam müddəti 3 ay olduğuna görə, qlikohemoqlobin 1 ay ərzində normaya düşmür. 3 ay sonra yenidən yoxlanır.

– Dərmanların başqa orqanlara zərəri varmı? Şəkərin ürəyə təsirı necədir?

– Həm şəkərsalıcı tabletlər, həm də insulinlər öncə digər canlılar üzərində test edilir, fayda–zərər nisbəti hesablanır, ABŞ-nin Qida və Dərman Adminstrasiyası (FDA) tərəfindən təsdiq aldıqdan sonra satışa çıxarılır. Dərmanların başqa orqanlara təsiri fərdi xarakter daşıyır.

Şəkərin ürək-damar xəstəliklərinə təsiri, əlbəttə ki, var. Şəkərli diabet zamanı yüksək qan şəkəri səviyyələri əsasən, damarları zədələyir. Bunun da nəticəsində ürək-damar xəstəlikləri, insult, infarkt riski artır.

– Hestasion şəkər nədir, o, daimi ola bilərmi?

– Əvvəllər diabeti olmayan qadında yalnız hamiləlik zamanı ilk dəfə əmələ gələn və ya aşkar olunan diabet növü hestasion şəkərli diabet (HŞD) adlanır. Bəzi qadınlarda HŞD növbəti hamiləliklərdə də müşahidə oluna bilər. Diabet hamiləliyin 24–28-ci həftələrində müayinə zamanı aşkarlanır. Bir çox hallarda HŞD sağlam qida və müntəzəm idman məşğələləri ilə idarə oluna bilər. Bəzən isə hestasion şəkərli diabetin insulinlə müalicə olunması tələbi yaranır.

HŞD olan qadınlara müntəzəm həkim nəzarəti tövsiyə olunur. Hamilələr həm mama-ginekoloqun və eyni vaxtda, endokrinoloqun nəzarətində olmalıdırlar. Qəbula təyin edilən vaxtdan əlavə olaraq, hansısa bir narahatlıq və ya əlamətlər olduqda da müraciət etmək vacibdir. Eyni zamanda, onlar sağlam qidalanmalıdırlar. Dietoloq qida qəbulunun düzgün planlaşdırılmasına kömək edə bilər. Hestasion şəkərli diabet hamiləlikdə meydana gələn və doğum sonrası keçən bir durumdur. Ancaq bu qadınların gələcəkdə Tip 2 şəkərli diabet olma riski artır.

– Bəzən deyirlər ki, 50 yaşdan sonra yaranan şəkər elə də qorxulu deyil.

– Nəzarət edilməyən şəkər hər yaşda qorxuludur. Xəstəlik uzun müddət müalicəsiz qalanda ürək və böyrək çatışmazlığına, görmənin itirilməsinə, ayaqlarda yaralara və nəticədə amputasiyaya səbəb ola bilər. İrəli sürülən fikir, bu yaşda əsasən Tip 2 diabet olması ilə əlaqəlidir. Çünki insulin rezervi qismən saxlanılır və bu xəstələrdə hiperqlikemik koma daha az müşahidə edilir.

– Medikamentoz müalicə vacibdirmi, yoxsa pəhrizlə şəkəri qaydada saxlamaq olar?

– Qan şəkəri yüksəkliyi aşkarlanmış bütün pasientlər mütləq endokrinoloqa müraciət etməli və uyğun taktika seçilməlidir. Əsasən, prediabet dediyimiz durumlarda xəstəyə fərdi yanaşılmalıdır, ancaq şəkərli diabet diaqnozu almış bütün xəstələrə medikamentoz müalicə başlanılmalıdır. Unutmamaq lazımdır ki, həyat tərzi dəyişikliyini əvəz edən heç bir medikamentoz müalicə yoxdur.

– Tövsiyəniz: necə qorunaq, nə yeyək, nə içək?

– Əvvəla, tərkibində karbohidrat olan məhsulları qida rasionumuzda azaltmalı və hətta, çıxarmalıyıq. Bura qazlı içkilər, şirniyyat və un məmulatları, fastfood qidalar, yüksək miqdarda heyvani yağ, duz istifadəsi və s. aiddir. Yanaşı olaraq fiziki aktivliyin artırılması və zərərli vərdişlərin azaldılması həm şəkərli diabet, həm də ürək-damar xəstəliyi riskinin önəmli dərəcədə azalmasına səbəb olur.

Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində çox önəmlidir. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilmir. Xəstə mütləq və dəqiq bilməlidir ki, hansı qidaları qəbul edə bilər, hansı qidaları yox və bu qaydalara ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür. Belə xəstəliyi olan insana ac qalmaq olmaz, çünki bu, qanda şəkərin kəskin enməsinə səbəb olur. Bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5–6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır. Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır.

– Siz həm də Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədrisiniz. AEC-də şəkərli diabet xəstəliyi ilə bağlı əhalinin məlumatlanması üçün nə iş görülür?

– Azərbaycan Endokrinoloqlar Cəmiyyəti yarandığı gündən həm əhalinin maarifləndirilməsi, həm də ölkədəki endokrinoloqların fikir mübadiləsi aparması üçün xarici qonaqların iştirakı ilə tez-tez görüşlər və konfranslar təşkil edir. Həmçinin Avropanın müxtəlif dərnək və təşkilatlarına üzv olaraq yeniliklərin ölkəmizdə tətbiqinə öz töhfəsini verir. Bir sözlə, cəmiyyətin məqsədi dünya endokrinologiyasına inteqrasiya etməklə ölkəmizdə bu sahənin inkişafına dəstək verməkdir.

Dövlət tərəfindən şəkərli diabet xəstələrinə xüsusi qayğı var. Bildiyiniz kimi, ölkəmizdə həm oral antidiabetik dərmanların, həm də insulinlərin bir qismi şəkər xəstələri üçün dövlət büdcəsindən təmin edilir. Amma ildən-ilə xəstəliyin müalicəsi üçün yeni preparatlar istehsal edilir, yeni üsullar aşkarlanır. Ümid edirik ki, irəliləyən dönəmlərdə yeni nəsil dərmanlar da bütün pasientlərimiz üçün əlçatan olacaq.

Zərifə BƏŞİRQIZI
XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr