Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və bir sıra Avropa ölkələrində “Nimesil” dərman vasitəsinin satışı və istifadəsi qadağan olunub. Qoyulan qadağanın səbəbi bu dərmanın yaratdığı çoxsaylı yan təsirlər və fəsadlarla bağlıdır.
Mütəxəssislər bildirirlər ki, nimesulid tərkibli dərmanların istifadəsi müxtəlif ölkələrdə fərqli tənzimlənir. Bəzi ölkələrdə bu dərmanlar qadağan edilib istifadəsi məhdudlaşdırılsa da, digərlərində müəyyən şərtlər altında istifadəsinə icazə verilir.
Nimesulid Avstriya, Belçika, Fransa, Yunanıstan, Lüksemburq, Portuqaliya kimi ölkələrdə milli səviyyədə təsdiqlənib.
Bəzi ölkələrdə isə qaraciyər zədələnməsi ilə bağlı narahatlıqlar səbəbindən istifadəsi məhdudlaşdırılıb və ya satışı qadağan edilib. Hindistanda “Nimesil” istifadəsi ilə bağlı narahatlıqlar mövcuddur. Uşaqların içməsi ilə bağlı, xüsusilə, ehtiyatlı olmaq tövsiyə edilib və bəzi tibb mütəxəssisləri uşaqlarda istifadəsinin dayandırılmasını təklif ediblər.
İsveçrə, İspaniya, İrlandiya, Finlandiya və ABŞ-də nimesulid tərkibli dərmanlar qaraciyər zədələnməsi və digər ciddi yan təsirlərlə bağlı narahatlıqlar səbəbindən bazardan çıxarılıb və ya istifadəsi qadağan edilib.
Azərbaycanda da populyarlıq qazanan bu dərmana həddindən artıq tələbat var.
Qeyd edək ki, mediada yayılan məlumata görə, 2016-cı ildə Səhiyyə Nazirliyi müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan edib. Onların sırasında Berlin-Chemie (Polşa) istehsalı olan “Nimesil 2 q. №30 bağlama” və “Nimesil 100 mq. №30 bağlama”, həmçinin, Berlin-Chemie Menarini (Almaniya) istehsalı olan “Nimesil 2 q. qranul №30 bağlama” dərmanları yer alır. Polşa istehsalı olan dərmanlar hazırda satışda olmasa da, Almaniyanın istehsal etdiyi “Nimesil” hazırda apteklərdə mövcuddur və satılır. Bununla bağlı Səhiyyə Nazirliyinə etdiyimiz müraciətə telefonu (596-07-12) qapatmaqla cavab verdilər.
Tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın qalmaqallı dərmanla bağlı fikirlərini öyrəndik. Həkim öncə “Nimesil”in orqanizmə olan zərərindən danışdı:
– “Nimesil” dərmanının tərkibindəki nimesulid maddəsi mədəyə düşdükdə onun selikli qişasını, divarlarını zədələyir, toksiklik dərəcəsi yüksək olduğu üçün qaraciyərə ciddi təsir edir, mədədə yanma hissi yaradır, bəzən isə qanaxmaya səbəb olur. Mədə və bağırsağın selikli qişasının zədələnməsi isə iltihab, xora və qanama kimi hallara səbəb ola bilər. Həmçinin uzun müddət istifadə edildikdə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərir. Dərman yüksək qan təzyiqi, ürək çatışmazlığı və damar problemləri riskini artıra bilər. Qaşınma, dəri səpgiləri və nadir hallarda anafilaktik şok kimi reaksiyalar yaradar. Nəfəs darlığı və asqırma kimi simptomlar müşahidə edilə bilər.
Xüsusilə, uşaqlarda və böyrək çatışmazlığı olan şəxslərdə “Nimesil”in istifadəsi tövsiyə edilmir. Uşaqlarda qaraciyər zədələnməsi və mədə-bağırsaq problemləri riski daha yüksəkdir. Onlarda “Nimesil” qəbul etdikdən sonra başgicəllənmə, yuxululuq və digər sinir sistemi pozulmaları baş verə bilər. Böyüklər bu dərmanı yalnız həkim təyinatı ilə və qısa müddət ərzində qəbul etməlidir. Dərmanı içdikdən sonra hər hansı mənfi təsirlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır.
Həkim bildirdi ki, son 2 ilə yaxındır ki, apteklərdə soyuqlama, qrip xəstəlikləri ilə bağlı həkim resepti olmadan xəstələrə teraflyu ilə nimesili qarışdırıb içməyi, hətta həmin qarışımdan uşaqlara da verməyi tövsiyə edirlər:
– Biz ötən il belə hallarla rastlaşmışdıq. Onu da o apteklərdə edirdilər ki, orada çalışanların əczaçılıq üzrə təhsili yoxdur. Bir az da dərinə gedəndə aydın olurdu ki, dərman tövsiyə edənlərin bəzilərinin heç elementar tibbi təhsili də yoxdur. Olsa belə, əczaçı olmaq – dərmanların tərkibini bilmək, dərman əvəzedicilərini dozasına görə təyin etmək asan deyil. Sadəcə, “satıcılıq” edənin kimsəyə dərman tövsiyə etməsi absurddur. Mərkəzdən uzaq ucqar ərazilərdə bu hal daha çox baş verirdi. Özlərini savadlı hesab edib xəstələri “maarifləndirirdilər”, müraciət edənlərə “Nimesil”i antiqrip, antiviral dərmanlarla qarışdırıb içməyin daha yaxşı təsir edəcəyini məsləhət görürdülər.
Son dövrdə “Nimesil”in yüksək dozada qəbulu nəticəsində baş verən 3 ölüm hadisəsinin və 1 ağır komatoz vəziyyətin şahidi olmuşam. Biri hüquqşünas qadın, digər ikisi gənc oğlan nimesillə teraflyu qarışımından yüksək dozada istifadə etmələri səbəbindən vəfat etdilər. Qohumum – gənc tələbə isə həmin dərmandan koma vəziyyətinə düşmüşdü. Təcili və vaxtında müdaxilə ilə onu həyata qaytara bildik. Nimesili nəinki hansı preparatlasa qarışdırıb içmək, hətta özünü də tək halda çox istifadə etmək ağır nəticələr verər.
Sonda Nurlana Əliyeva oxuculara müraciət edərək dedi:
– Məsləhət görərdim ki, hər hansı dərmanı qəbul etməzdən öncə ailə həkimi ilə məsləhətləşəsiniz. Çünki, ailə həkiminiz sizin daxili orqanların hər hansı problemi ilə yaxından tanışdır. Hansı xəstəlikdə nə kimi dərmanın daha tez və müsbət təsir edəcəyini də o, daha yaxşı bilir. Sağlamlığınızı qoruyun.
Zərifə BƏŞİRQIZI
XQ