“Şagirdin hər dəfə eyni kursun deyil, fərqli kursların sınaq imtahanlarında iştirak etməsi daha faydalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, müxtəlif kursların imtahanlarında iştirak etmək, şagirdin fərqli düşüncələrdən gələn suallar ilə qarşılaşmasına imkan yaradır:
“Valideynlərin övladlarını sınaq imtahanlarına göndərməsi vacibdir. Valideynlərə tövsiyə edirəm ki, övladlarını qəbul imtahanına hazırlaşdıqları müddətdə mütəmadi olaraq sınaq imtahanlarına göndərsinlər. Xüsusilə yüksək reytinqli kursların təşkil etdiyi sınaqlarda iştirak etmələri daha məqsədəuyğundur.
Eyni zamanda şagirdin hər dəfə eyni kursun deyil, fərqli kursların sınaq imtahanlarında iştirak etməsi daha faydalıdır. Çünki eyni kursun imtahanlarına qatılmaq, abituriyentin yalnız həmin kursun yanaşması ilə hazırlanan suallarla tanış olmasına səbəb olur. Müxtəlif kursların imtahanlarında iştirak isə fərqli düşüncələrin hazırladığı suallarla qarşılaşmaq imkanı yaradır ki, bu da abituriyent üçün daha perspektivlidir.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanlarında iştirak etmək də vacibdir. Çünki bu imtahanlar real qəbul imtahanına ən yaxın şəraitdə keçirilir və abituriyentlərin səviyyəsini obyektiv qiymətləndirməyə kömək edir”.
Ekspertdən valideynlərə bir sıra tövsiyələr:
“Valideynlər övladlarının hazırlıq prosesini sentyabr ayından etibarən nəzarətdə saxlamalıdırlar. Əgər övladları kursa və ya repetitor yanına gedirsə və ya özləri hazırlaşırsa, onların dərs hazırlığını daimi olaraq izləməlidirlər. Hər ay fərqli sınaq imtahanlarına qatılmalarına şərait yaratmalı, nəticələrini təhlil etməli və zəif olduqları mövzularda müəllimlə məsləhətləşərək çıxış yolları tapmalıdırlar”.
Müsahibimiz qeyd edib ki, bəzi valideynlər övladlarını hazırlıq kurslarına və ya repetitor yanına göndərsə də, onların təhsili ilə maraqlanmır.
“İl ərzində heç bir dəstək və nəzarət göstərmədən, imtahan nəticələri zəif olduqda isə övladlarına təzyiq edir, hətta müəllimlərlə anlaşmazlıqlar yaşayırlar. Halbuki bu vəziyyətdə günah valideynin özündədir. Əgər valideyn il boyu övladının təhsili ilə maraqlanmasa, lakin imtahan nəticələri zəif olduqda onu və ya müəllimi günahlandırsa, bu, haqsız yanaşma olar”.
Ekspertin sözlərinə görə, bəzi valideynlər düşünür ki, əgər övladlarının dərsləri ilə özləri maraqlanacaqlarsa, niyə repetitor və ya kursa ehtiyac var?
“Bu çox yanlış yanaşmadır. Çünki abituriyentin yaxşı nəticə əldə edib etməməsindən birinci məsuliyyət abituriyent və valideyn daşıyır. Daha sonra isə müəllimdir. Çünki müəllim istiqamət verəndir və onun yanında müxtəlif nəticələr əldə edən abituriyentlər var. Əgər abituriyent pis nəticə toplayıbsa, bu zaman valideynin məsuliyyəti ortaya çıxır. Bu vaxt bir günahkar varsa, o,valideynin özüdür”.