AZ

“Öncə Amerika”, ilk addımda isə Latın Amerikası

ABŞ dövlət katibi Marko Rubio ilk xarici turnesinə 5 Latın Amerikası ölkəsindən – Panama, El Salvador, Kosta Rika, Qvatemala və Dominikan Respublikasından başladı. Politoloqların sözlərinə görə, Rubionun xarici siyasət debütü ABŞ-ın mövqeyini gücləndirmək və Amerika diplomatiyasının yeni hücum üslubunu nümayiş etdirmək məqsədi daşıyır.

Beynəlxalq icmalçıların ümumi rəyi belədir ki, Dövlət Departamentinin yeni rəhbərinin səfərinin nəticələri regiona və ümumiyyətlə, “qlobal çoxluq” ölkələrinə də təsir edəcək.

Marko Rubionun ötən şənbə günü başlayan Latın Amerikası turu cümə axşamına qədər davam edəcək. Dövlət katibinin səfərinin əsas məqsədlərinin qeyri-qanuni miqrasiya, cinayət və narkotik qaçaqmalçılığı ilə mübarizədə region ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Çinə qarşı mübarizə olduğu bildirilir. Dövlət Departamentindən verilən rəsmi açıqlamaya görə, Marko Rubio “ABŞ-ın milli təhlükəsizliyini gücləndirməklə, Amerikanın sərhədlərini qorumaq və iqtisadi rifahı artırmaqla Tramp administrasiyasının “Öncə Amerika” xarici siyasətini inkişaf etdirmək üçün Latın Amerikasına səfər edir.

ABŞ Dövlət Departamentinin yeni rəhbəri isə “Vaşinqton post” qəzeti üçün yazdığı məqalədə ilk xarici səfəri üçün bölgə seçimini təsadüfi adlandırır və ABŞ-ın xarici siyasətinin uzun müddət əsassız olaraq dünyanın digər bölgələrinə yönəldiyini qeyd edir. Nəticədə, Marko Rubionun fikrincə, Latın Amerikasında Vaşinqtonun zəifləyən mövqeqyini bərpa etmək üçün təcili həll yollarını tələb edən çoxlu problemlər var.

Marko Rubionun regiona ilk səfərini prezident Trampın Latın Amerikası ölkələri barədə səsləndirdiyi sərt bəyanatlardan sonra etməsi diqqət çəkir. Xatırladaq ki, Prezident Tramp Ağ evə qayıtdıqdan sonra bildirdi ki, Panama kanalına nəzarəti ABŞ-a qaytarmaq niyyətindədir. Xatırladaq ki, Panama kanalı 1920-ci ildə istismara verilmişdi, lakin 1977-ci ildə ABŞ-ın sabiq prezidenti Cimmi Karter kanala nəzarətin Panama hökumətinə təhvil verilməsini nəzərdə tutan müqaviləyə imza atmışdı. Panama Kanalı Sazişi onun neytral statusunu və dünya ticarətinin maraqlarına uyğun olaraq bu həyati vacib nəqliyyat marşrutunun mövcudluğunu nəzərdə tutur.

Bu günə olan məlumata görə, Birləşmiş Ştatlar Panama kanalından dünyanın istənilən ölkəsindən daha çox istifadə edir. Lakin, eyni zamanda, Prezident Tramp Panama hakimiyyət orqanları tərəfindən gəmilərin bu nəqliyyat arteriyasından keçməsi üçün nəzərdə tutulan yüksək tariflərdən narazıdır. Ağ evin sahibi, həmçinin kanal infrastrukturunda Çin şirkətlərinin fəal iştirakından məmnun deyil.

Prezident Tramp Panamanı strateji nəqliyyat arteriyasına nəzarəti itirməklə hədələdiyi halda, ABŞ-ın Latın Amerikası üzrə xüsusi nümayəndəsi Maurisio Klaver-Karon deyir ki, dövlət katibi Rubionun ölkəyə səfərinin məqsədi Çinin təsirinə qarşı çıxmaqdır: “Biz limanlardan və logistikadan tutmuş telekommunikasiya və digər infrastruktura qədər Panama Kanalı Zonasında Çin şirkətlərinin artan mövcudluğunu görürük. Bu, təkcə ABŞ-ın milli təhlükəsizliyi üçün deyil, həm də Panama və bütün Qərb yarımkürəsinin milli təhlükəsizliyi üçün çox narahatedicidir”. Daha sonra Maurisio Klaver-Karone bildirir: “Bu, əsas sualdır. Çünki son nəticədə söhbət əsas, mühüm, strateji aktivdən gedir. Təbii ki, əgər XXI əsr Amerika əsri, Şimali və Cənubi Amerikanın qızıl əsri olacaqsa, o zaman bu strateji aktiv nə de-fakto, nə də de-yure Çinin nəzarəti altında ola bilər”.

Dövlət Departamentinin bəyanatında da Marko Rubionun Panama prezidenti Xose Raul Mulino ilə danışıqlarında məhz bu məqam ərtafında müzakirə apardığı bildirir. “Rubio prezident Mulinoya məlumat verib ki, prezident Tramp Çin Kommunist Partiyasının Panama kanalı ərazisinə mövcud təsiri və Pekinin nəzarətinin Panama kanalının daimi neytrallıq və istismarı haqqında müqaviləni pozduğuna dair ilkin qərar qəbul edib. Dövlət katibi Rubio açıq şəkildə bildirib ki, bu status-kvo qəbuledilməzdir və təcili dəyişiklik olmasa, Birləşmiş Ştatlar müqavilə üzrə hüquqlarını qorumaq üçün lazımi addımlar atmalı olacaq”.

Dövlət katibi Rubio ilə danışıqlardan sonra prezident Mulino bəyan edib ki, onun hökuməti Çinin qlobal iqtisadi layihəsi olan “Bir kəmər, bir yol”da iştirakdan imtina edir. Ancaq bundan əvvəl Panama kanalı üzərində suverenliyin və ölkəsinin müstəqilliyinin müzakirə oluna bilməyəcəyini vurğulayan Panama prezidenti Xose Raul Mulino son nəticədə ABŞ-ı qəzəbləndirməmək yolunu seçdi: “Mənim hökumətim 2017-ci ildə qoşulduğumuz “Bir kəmət, bir yol” təşəbbüsü üzrə Anlaşma Memorandumunu yeniləməyəcək. Layihədə iştirakımızı vaxtından əvvəl dayandırmaq imkanlarını da öyrənəcəyik”.

Bunun fonunda Panama hakimiyyətinin ABŞ-ın təzyiqi ilə Çin meqalayihəsindən geri çəkilmək barədə qəfil qərarı Tramp administrasiyasına Ağ evə gəldikdən qısa müddət sonra Pekinin qlobal ambisiyalarına həssas imic zərbəsi endirməyə imkan verdi. Politoloqların sözlərinə görə, Panama hökumətinin qərarı “qlobal çoxluq” ölkələrini Vaşinqtonun tərəfinə çəkmək üçün bir presedent oldu. Bəs bu uğurun ardı olacaqmı? Yaxın dörd il ərzində bunun şahidi olacağıq.

S.ELAY
XQ

Seçilən
1
xalqqazeti.az

1Mənbələr