AZ

Xahiş edirəm ki, Günay Ağamalını digərlərilə müqayisə etməyin! - Müsahibənin II HİSSƏSİ

Fəzail Ağamalı: "Yorulduğumu dərk edərək, yenidən deputat olmaq istəmədim"

"İsa Qəmbəri hansısa məsələyə inandırmaq olar, Əli Kərimli ilə razılaşmaq mümkün deyil"

"Adam yaşlandıqca, kaprizləri də artır"


Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az saytının redaksiyasında olub, əməkdaşımıza geniş müsahibə verib. Fəzail Ağamalı ilə müsahibənin I hissəsini dünən yayımlamışıq.
Söhbətimizin davamında o, deputat seçilən qızından, VII çağırış Milli Məclisdən, Qərbi Azərbaycan məsələsindən, şəxsi həyatından danışıb. Partiya sədri ilə müsahibənin II hissəsini təqdim edirik:

- Fəzail müəllim, VII çağırış Milli Məclisə namizədliyinizi irəli sürməməyinizin əsas səbəbi nə oldu?


- Açığı deyim ki, mən belə qərara gəldim ki, VI çağırışdan sonra Azərbaycanda tamamilə yeni mühir formalaşıb, yeni dönəm başlayıb. 2020-ci ildə Azərbaycan öz suverenliyini təmin edib və Azərbaycan artıq cənab Prezidentin başlamış olduğu daha möhtəşəm bir yolun başlanğıcındadır. Bu yol Azərbaycanı bütövləşməyə aparır. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olundu, lakin Azərbaycanın bütövlükdə ərazi bütövlüyü hələ təmin olunmayıb. Əslində Şuşaya Azərbaycan bayrağının sancılması ilə cənab Prezident Azərbaycanın gələcəyinə və bütövlüyünə doğru iki cığırın əsasını qoydu. Biri Şuşadan başlayıb Zəngəzurdan keçən Qərbi Azərbaycan, ikincisi isə Cəbrayıldan, Xudafərindən keçən Cənubi Azərbaycan. Bu proses – bir az dalğavarı, pərdəarxasında daha çox gedir. Düşünülmüş şəkildə, geosiyasi və dövlət maraqlarına görə, bu, Azərbaycanda qabardılmır, ancaq Cənubda vəziyətə baxın, keçirilən futbol yarışlarında azərkeşlər nə deyir? “Bakı, Təbriz, Ankara. Biz hara, farslar hara! Yaşa, yaşa Azərbaycan!”.

Cənab Prezidentin də dediyi kimi, 2020-ci ildə bizim qələbəmizdən sonra çoxlu sal daş tərpəndi və indi onun üzərində binalar yüksəlir. Onlardan biri də Azərbaycanın gələcəyinə yönəlmiş olan bütövləşmədir. Mən ruhən, bütün varlığımla prosesin içərisində olsam da, düşündüm ki, artıq mənim səhhətim, yaşım buna imkan vermir. Mən bu proseslərdə yarı yolda qalmaq istəmirəm. Yorulduğumu dərk edərək, eyni zamanda insanların bunu başa düşdüyünü görərək, yenidən namizəd olmaq istəmədim. Fikirləşdim ki, artıq Milli Məclisə getmək lazım deyil və düşünürəm ki, düz etdim. Görürəm ki, Milli Məclisdə tamamilə fərqli dinamika var, ölkənin siyasi mühiti artıq fərqlidir. Biri var mən siyasətçiyəm, partiya sədriyəm - bu öz yerində, biri də var mən Milli Məclisin üzvüyəm, millət vəkliyəm - bu tamamilə fərqli platformadır. Həmin platforma insanın üzərinə tamamilə fərqli məsuliyyət, yük qoyur. Mən bu yükü axıra qədər apara biləcəmmi?! Artıq mənim 77 yaşım var, çıxacaqdım Milli Məclisdən 82 yaşımda. Çəkildim geri və düşünürəm ki, düz elədim.
 


- Siz namizəd olmadınız, amma qızınız deputat seçildi. Yalnız sizin yox, digər sabiq deputatlar Əhməd Vəliyevin oğlu, Tahir Süleymanovun oğlu, Sabir Rüstəmxanlının həyat yoldaşı da mandat aldılar. Bu vəziyyət isə ictimaiyyətdə birmənalı qarşılanmadı. Siz bu barədə nə demək istərdiniz?

 

- Mən xahiş edirəm ki, siz onları Günayla müqayisə etməyin. Çünki onların fərqli-fərqli fəaliyyətləri var. Günay Ağamalı ilə digər adamların övladlarını bir-birindən fərqləndirin. Baxın, 4 ay keçib, girin sosial şəbəkə hesablarına, Günay Ağamalını da izləyin, digərlərinin də fəaliyyətinə baxın. Görün nə qədər böyük fərq var. Günayın fəaliyyətini tənqid edə bilərsiniz, bu normaldır, amma onu bu cür adamlarla müqayisə etmək heç də doğru deyil. Mənim digərlərinə də hörmətim var, onlar da xalq tərəfindən etimad qazanıb və seçiliblər, amma funksiyaları tamamilə başqadır. İctimaiyyətə gəldikdə isə bu yanlış müzakirənin içində yer almaq doğru deyil. Günay Ağamalı mənim qızımdır deyə, seçilə bilməz?! Azərbaycan Konstitusiyası bunu qadağan edib?! Kimsə böyük sahibkardır, onun övladının atasının yolunu davam etdirməyinə qadağa qoyulmur, dünyada belədir. Günayın qabiliyyəti varsa, bunu özü göstərəcək, zaman göstərəcək onun Milli Məclisdə fəaliyyəti nə qədər qənaətbəxşdir.


- İctimaiyyət arasında da aktiv olmaq məsələsi var. Biz sizi bu cür görsək də, Günay Ağamalı bu baxımdan sizə oxşamayıb deyəsən. Düzdür biz onu seçiciləri ilə görüşlərdə, parlamentin digər üzvləri ilə xarici səfərlərdə görürük, amma nədənsə mediadan uzaq qaçır.

- Bu onun seçimidir. Mən onun heç bir işinə qarışmıram, sadəcə özü müraciət edəndə fikrimi bildirirəm, hər şey barədə qərarı özü verir. Mən ona deyəndə ki, sən mətbuatla işləməlisən, bildirir ki, onun öz yanaşması var, əlbəttə, mətbuatla işləyəcək, amma gərək öz seçimi olsun. Onun mediaya yanaşması daha fərqlidir. Qızım olduğu üçün demirəm, çox açıq, səmimi, mehriban biridir.
 

- Hazırda siyasi partiya rəhbəri kimi fəaliyyət göstərirsiniz. Amma sanki partiyanızın aktivliyi nəzərə çarpmır. Siyasi proseslərə hansı töhfələrinizi gözləmək olar?
 

- Lazımdır?


- Lazım deyil?


- Lazım olduqca edirəm, elə burada müsahibə vermək də aktivliyin bir formasıdır.



- Yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirildi. Sizin partiyanız seçkilərdə nə qədər uğurlu oldu?

 

- Bələdiyyə seçkilərində qələbə qazanan namizədlərin ən gənci - 18 yaşlı Həsən Səlimov bizim partiyanın üzvüdür. Digərlərinə gəldikdə isə onu deyə bilərəm ki, çox da maraq göstərmədilər. Bu təkcə bizim partiyaya aid deyil. Bələdiyyələrə maraq o qədər də güclü deyil. Haradasa 30-40 nəfərin marağı oldu ki, biz onlardan şansı daha çox olan 20 nəfərin üzərində dayandıq və qeydiyyata alınanların da 17-si seçildi. Mən düşünürəm ki, bu da bir uğurdur.


- Yaşınızın çox olduğunu, bu səbəbdən parlament seçkilərində iştirak etməyəcəyinizi dediniz. Bəs siyasətdən tamamilə getmək və yerinizə qızınızı gətirmək haqqında düşünürsünüzmü?


- Yox. Bu çətin məsələdir. Şairə demək olar ki, sən şairliyini dayandır?


- O, yaradıcılıq məsələsidir...
 

- Siyasət də yaradıcılıq tələb edən peşədir. Jurnalistsiniz, sizə demək olarmı fəaliyyətinizi dayandırın, yazı yazmayın? Mən Tarix fakültəsini bitirmişəm, tarix özü bir siyasətdir. 1969-cu ildən siyasətdə olan insanların arasında olmuşam, daha sonra Milli Azadlıq Hərəkatına qoşulmuşam, 36 il ərzində bütün proseslərin içində yer almışamsa, bu mənim qanıma, bütün həyatıma çökübsə, mən bundan necə uzaqlaşa bilərəm? Təbii ki, siyasi proseslərdə aktiv iştirak etmək haqqında düşünmürəm. Ancaq millətimin, dövlətimin taleyi üçün həmişə ayaqüstəyəm.
 

- Hazırkı prosesləri izləyən biri kimi, VII çağırış deputatlarının fəaliyyətini necə dəyərləndirərdiniz?
 

- Onlara qiymət vermək hələ tezdir. Hazırkı deputatlar cəmi 3 aydır ki, fəaliyyət göstərirlər, gəlin bir az da gözləyək, sonra o haqda danışarıq.
 

- Hazırda Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri də Qərbi Azərbaycan məsələsidir. Qərbi Azərbaycana qayıdışla bağlı sizin hansı təklifləriniz varmı? Həmçinin, sizin Qərbi Azərbaycan İcmasında iştirak etməməyinizin səbəblərini öyrənmək istərdik.


- Bizim partiyanın proqramında bütöv Azərbaycan məsələsi qoyulub. Güneyli, Qərbli, Şimallı Azərbaycanın tarixi torpaqları üzərində vahid, müstəqil və güclü Azərbaycan dövlətinin yaradılması bizim partiyanın təməl prinsiplərindən biridir və bu prinsipi qələmlə yazan da mənəm və o ideyaya sadiqəm. Bu proses gedir, dünya çox ciddi şəkildə dəyişilir. Bu, cəmiiyyətin obyektiv inkişaf qanunauyğunluğudur və onun qarşısını almaq mümkün deyil. Müharibələr vasitəsilə dünya düzənini dəyişmək, bölüşdürülmüş dünyaya yenidən dizayn vermək kimi proseslər gedir. Belə proses içərisində vaxtilə başqa situasiyada məruz qaldığımız itkiləri geri almalıyıq. İndiki proseslər bizim xeyrimizə işləyir. Bu itkiləri də ancaq dünya səviyyəli, olduqca fərqli ağıla, iradəyə malik şəxs həyata keçirə bilər. Bu da İlham Əliyevdir. Uca Tanrı Heydər Əliyevə Azərbaycanı bir dövlət kimi qurmaq, xalqımızı digər xalqlar içərisində öz iradəsini reallaşdırmaq imkanını həyata keçirmək missiyası vermişdisə, İlham Əliyevin üzərindəki missiya məhz bu təmələ söykənərək, Azərbaycvanın əsrlər boyu verdiyi itkiləri geri qaytarmaqdır. İlham Əliyev bir neçə ay qabaq üç platformada Güney Azərbaycanla bağlı danışdı.

Qərbi Azərbaycan İcması ilə bağlı bəzən düşünürlər ki, bu, Ermənistana qarşı ideoloji mübarizədir. Bu ola bilsin ki, bir elementdir. Əsas mahiyyət bundan ibarətdir ki, ora qayıtmalıyıq. Cənab Prezident yerli mediaya müsahibə verəndə müxbirlərdən biri ona belə bir sual verdi ki, cənab Prezident 2020-ci ildə Vətən müharibəsindən sonra atanızın qəbrini ziyarət etdiniz və ona hesabat verdiniz, dediniz ki, şadam ki, ata vəziyyətini yerinə yetirdim. Sonra bizə məlum oldu ki, Naxçıvanda babanızın da qəbriniz ziyarət etdiniz, ona nə dediniz?
 


- Amma Fəzail Ağamalını Qərbi Azərbaycan icmasının tədbirlərində görmürük...


- Dəvət ediləndə gedirəm. Mənim adətim budur - dəvət olunan yerə gedirəm, çağırılmayanda isə getmirəm. Elə yer olur ki, dəvət olunsam da, düşünürəm ki, getməyə də bilərəm. Elə yer var ki, dəvət olunmalıyam, amma dəvət olunmuram. Səbəbini bilmirəm. Aşıq Ələsgərin heykəlinin açılışında mən niyə dəvət olunmadım, bilmirəm. Qərbi Azırbaycan haqda az düşünənlər var idi orada. Mənim kimi həyatını Qərbi Azərbaycanla bağlayan adam orada olmalı idi. 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı genosidə bənzər deportasiya siyasəti başlayanda onları Zəngəzur Cəmiyyətinin xətti ilə ən aktiv şəkildə qarşılayan, yerləşdirən şəxslərdən biri mən idim. Onun sədri Köçəri Nağıyev idi. Biz onları ermənilərin Bakıdakı evlərinə yerləşdirirdik. İlk deportasiyanın  önünə çıxanlardan biri rəhmətlik Fərman Kərimzadə idi. Bu hadisələr onun infarkt keçirməsinə səbəb oldu.


- Ağsaqqal siyasətçisiniz. Hakim partiyada elə adam olub ki, məsələn, Əli Kərimli, İsa Qəmbərlə görüşmür. Amma siz o məsələdə çox açıq sözünüzü deyirsiniz. İsa Qəmbər, Əli Kərimli ilə görüşmək istərdinizmi? Yoxsa onlar həyatlarını elə qurublar ki, heç nə ilə barışmayacaqlar? Çünki 44 günlük müharibədən sonra hər şey dəyişdi.


- Əli Kərimli ilə İsa Qəmbər fərqli adamlardırlar. İsa Qəmbər daha fərqli, daha ağıllı, proseslərə obyektiv yanaşmağı bacaran, Azərbaycanın maraqları qarşısında özünün ambisiyalarını sıxmağa meyilli olan, Azərbyacanın uğurlarını etiraf etmək gücünü özündə daşımağı bacaran biridir. Mətbuatdakı çıxışlarından bunu görürəm. Onun çıxışlarında aqressivlik yoxdur, daha çox siyasi yük var. Təbii ki, müxalifət kimi indiki iqtidarla barışmır. Bu onun mövqeyidir. Mən də onun müxalifət kimi mövqeyi ilə barışmıram. Bu da mənim mövqeyimdir.

Amma Əli Kərimli tamamilə Azərbaycanın maraqlarını ayaq altına salan şəxsdir. Onunla görüşmək, söhbət etmək mümkün deyil, çünki o başdan-ayağa anti-Azərbaycan mövqeyindədir. Bunu mən yox, onun çıxışları deyir. Mənim onunla şəxsi problemim yoxdur. Amma bütün ruhu ilə indiki iqtidarın fonunda Azərbaycanın taleyüklü məsələlərinə qarşı çox aqressivdir. Məsələlərə öz maraqları çərçivəsində yanaşan və daha çox xaricdə onunla bağlı olan, istiqamət verən insanların müəyyən etdiyi kompasla hərəkət edən adamdı.

İsa Qəmbəri ola bilsin ki, hansısa məsələyə inandırmaq olar. Arqumentlə, faktla. Əli Kərimli ilə mümkün deyil. Əli Kərimli ilə Azərbaycanın milli maraqları üçün bir masanın arxasında oturub müzakirə aparmağın mənası yoxdur. Baxın, 44 günlük müharibə gedib, qələbə qazanılıb, işğala son qoyulub, siyasi partiyalar bəyanata imza atır, Əli Kərimli imtina edir. O zaman Müsavat Partiyasının sədri Arif Hacılı idi, o dedi ki, mən müstəqil şəkildə bəyanat verəcəm. Müstəqil şəkildə bəyanat verir ala-yarımçıq. Sən kişisən, mərdi-mərdanə Ali Baş Komandanın, Prezidentin uğurunu etiraf elə də. Sənə mane olan nədir? Bunu dünya qəbul edir, sən etmirsən. Onda sən kimsən? Nəyə xidmət edirsən? Sən lap uğuru etiraf etmə, nə olur? Özünü pis edirsən. Azərbaycan 200 il ərzində itirilmiş torpaqlarını geri qaytarmaqda ilk uğuruna imza atıb. Bu da Azərbaycanı çox irəli aparır. Unikal bir antiterror əməliyyatı keçirildi. 23 saatda bir erməninin burnu qanamadı, mülki obyektə ziyan dəymədi. Gör, necə iş quruldu ki, ermənilər özləri maşınlara minib Qarabağı tərk etdilər. Yəni separatizmin yuvası tamamilə dağıdıldı. Bunu Əli Kərimli niyə qəbul etmir? Demək, o azərbaycanlı deyil. Deməli, biz onunla oturub danışa bilmərik.  
 

- Bir müddət əvvəl məsələ qaldırılmışdı ki, Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyasına birləşdiriləcək. Amma bir şey hasil olmadı.


- Bunu jurnalistlər qaldırır.

 
- Axı siz özünüz də bu barədə çıxış etmişdiniz..


- Yox mən belə bir şey deməmişəm. Müavinim demişdi. Mən demişəm ki, bu məsələ gündəmdə deyil.
 

- Bilmədiyimiz Fəzail Ağamalı – həyat yoldaşı, ata, baba kimi necə, üzərinizə düşəni edə bilir? Nəvələrinizlə yola gedə bilirsinizmi, onlar tamamilə fərqli nəsildir...
 

- Nəvələrimi çox sevirəm, onlar mənim həyatımdır. İlk növbədə babalıq vəzifəmi yerinə yetirməyə çalışıram,  bəzən görürsən ki, xaricdə oxuyan nəvələrim yazır: baba nə var, nə yox? Onda bilirəm ki, onlara pul lazımdır. Mən də pulu göndərib deyirəm ki, hər şey yaxşıdır. Bir də sonbeşiyimiz var – o, 7-ci sinifdə oxuyur, 15-ə yaxın beynəlxalq olimpiadada medal qazanıb. Riyaziyyatı, məntiqi güclüdür. Mən ona demişəm ki, sən Azərbaycanın ya Lütfi Zadəsi, ya da Eynişteyni olacaqsan. İndi onu stimullaşdırmaq üçün sevgimlə birlikdə, hərdən deyirəm:  kartını göndər, sənə pul göndərim. Bir qayda olaraq hər şənbə ailə üzvlərimizin hamısı bizə yığışır. Nəvələrimdən çox ataları telefonla vaxt keçirir. Nəvələrim mənimlə vaxt keçirməyə daha meyillidirlər.
 

- Evə bazarlığı özünüz edirsiniz?
 

- Əlbəttə özüm edirəm, bu mənim vərdişimdir. Sevmirəm kimsə mənim evimə bazarlıq etsin, ailəmi qurandan hər şeyi özüm almışam. Bəzi hallarda yoldaşımla nəsə almağa birlikdə gedirik, amma əksər vaxt heç ona da ehtiyac qalmır. Gedib soruşuram ki, xanım nə lazımdır, o da deyir otur yaz, dedikcə siyahı yazıram, gedirəm marketə, yazılanları aldıqca qarşısına plus işarəsi qoyuram. Bilirəm ki, yazılanları almasam, evə gələndə danlanacam, ona görə diqqətli oluram.
 

- Adam yaşlandıqca, həyat yoldaşı ilə mehribanlaşır, yoxsa cavanlıqdan belə idiniz?
 

- Cavan olanda daha mehriban olursan, nəinki yaşlı olanda. Yaşlı adam bir-biri ilə yola gedər? Cavan olanda tamamilə fərqli münasibətlər ortada olur. Yaşlı olduqca, daha kaprizli olursan, hər şey gözə batır, dava etməyə bir şey tapmayanda özün yaradırsan, amma heç dalaşmağa da hal olmur.

Seçilən
3
modern.az

1Mənbələr