Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur
«Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır» söyləyən dövlətimizin başçısı İlham Əliyevin sosial sahəyə xüsusi diqqəti ölkəmizdə davamlı sosial inkişafa, məşğulluq proqramlarının uğurla icra edilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilməsinə, sosial təminat sisteminin gücləndirilməsinə imkanlar yaradır. Cənab İlham Əliyev onu da bildirir ki, sosial siyasət həmişə prioritet olub və olacaq. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi insanların daha yaxşı yaşamaları məqsədi daşıyır.
Uğurlu sosial-iqtisadi siyasət, Dövlət proqramlarının ardıcıl şəkildə icrası ölkəmizdə yoxsulluq səviyyəsinin minimuma enməsini şərtləndirir. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz idisə, artıq bu rəqəm 5 faizə enib. Azərbaycan bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair məsləhətləşmələrin aparılması üçün ölkələr sırasına daxil edildi. Söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Azərbaycanın sosial dövlət kimi nüfuz qazanması həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Dövlətimizin inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi, ədalət prinsipinin qorunması gəlirlərin insanlar arasında bərabər bölünməsində öz sözünü deyir. Hansı ki, Azərbaycandan daha zəngin neft ölkələri var. Bu resurs onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir.
Dövlət başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi böyük ruh yüksəkliyi yaradır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənirəm.
Dövlətimizin bu sahəyə diqqət və qayğısı cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarda, qəbul edilən qərarlarda, sosial dəstək paketlərində öz əksini tapır. Statistik rəqəmlərə diqqət yetirək. Prezident İlham Əliyevin Fərman və sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Həmin islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb. Qeyd edilən dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya da 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 3 dəfə artım oldu. Artıq bu ildən sayca beşinci sosial paketin icrasına başlanılıb.
İqtisadi və sosial siyasətimiz bir-birini tamamlayır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması bu istiqamətlərdə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Bu fikir beynəlxalq səviyyədə dəfələrlə etiraf edilir ki, yoxsul deyil, yaxşı idarəolunmayan ölkələr var. Azərbaycanın idarəçilik sistemi beynəlxalq səviyyədə təqdir edilir. Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda onlarda yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi modelin həyata keçirildiyini, adətən əhalinin bundan əziyyət çəkdiyini görürük. Çünki prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin.
Maaşların, pensiyaların, təqaüdlərin artırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. 2003-cü ildən ötən dövrdə əməkhaqları, pensiya və digər sosial ödənişlərin mütəmadı olaraq artırılması, yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının, əhalinin gəlirlərinin ilbəil artması təmin edilib. Cənab İlham Əliyevin 23 dekabr 2024-sü il tarixli «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Sərəncamına uyğun olaraq əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manata çatdırıldı. Dövlətimizin başçısının 7 yanvar 2025-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» Sərəncamı ilə isə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırıldı.
Ötən illərə nəzər saldıqda sosial proqramların ildən-ilə daha da genişləndiyi diqqətdən kənarda qalmır. Təbii ki, əsas hədəflərdən biri vətəndaş məmnunluğunun artırılmasıdır. İqtisadi inkişaf bütün sahələrdə uğurlara yol açır. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır. Ölkə iqtisadiyyatına bu günədək 310 milyard dollar investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qoruyan və investisiya yatıran ölkə kimi tanınır. Bu fakt daim qeyd olunur ki, Azərbaycan malik olduğu iqtisadi imkanlara görə həmişə dünyanın diqqətində və marağında olub. Lakin müstəqilliyimizn bərpasının iki illərində ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyanın təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması, Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması ölkəyə investisiya axınını sürətləndirdi. İnvestorlar yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin oldular. Bu fikir dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da qeyd edilir ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü. Eyni zamanda, bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.
Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynadı. Tarixi Zəfərimizdən sonra qəbul olunan sənədlərdə də yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Beş əsas hədəfi özündə əks etdirən Milli Prioritetlərdə sosial müdafiənin gücləndirilməsi əsas çağırışlar sırasındadır. “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət» prioritetində qeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalıdır. İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir. Sənəddə bu mühüm müddəa da öz əksini tapır ki, ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Dövlət büdcəsində sosialyönümlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcəsində 16,9 milyard manatdır. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir. Sosial islahatların tərkib hissəsi kimi əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.
Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir.
Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı indiki zamanda paytaxt Bakıda və digər bölgələrimizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində addımların atılması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Bərpa işlərinə diqqət yetirdikdə görürük ki, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması diqqət göstərilən əsas məsələlər sırasındadır. Sosial xidmət sahəsində aparılan təkmilləşmə bunun bariz nümunəsidir. «ASAN xidmət», DOST mərkəzlərinin bu ərazilərdə də yaradılması qarşıya qoyulan hədəflərdəndir. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST konsepsiyası xüsusi yer tutur. Ölkə Prezidenti İlham Əliyev bölgələrdə görülən işlərin təhlili fonunda bu çağırışı xüsusi qeyd edir ki, bölgələrə səfərlərim həm də nəzarət üçün bir vasitədir. Yəni, dövlət başçısının verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət» mərkəzlərinin coğrafiyası genişlənir. «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.
İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutu yaradıldı. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Tarixi Zəfərimizdən sonra cənab İlham Əliyevin «Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının təsdiq edilməsi haqqında» Sərəncamı da Azərbaycanın iqtisadi inkişafının dayanıqlılığını təsdiqləyir.
Ölkəmizin iqtisadi inkişafından, eyni zamanda, bu fonda sosial siyasətindən bəhs edərkən bu gün azad edilmiş ərazilərimizin cənnətə çevrilməsinə diqqət yetirmək kifayətdir. Qısa zamanda görülən işlərin miqyası olduqca genişdir. Müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaq, bütün işləri daxili imkanlar hesabına həyata keçirmək Azərbaycanın hər zaman dünyaya nümunə olan təkmil inkişaf modelinin nümayişidir. Ölkəmizin qarşısında daha geniş imkanlar yaranır. Azad edilmiş torpaqlarımızda özünüməşğulluq proqramının uğurlu icrası üçün bütün imkanlar mövcuddur. Bu isə öz növbəsində əhalinin sosial müdafiəsini daha da gücləndirəcək. Azərbaycan bütün hədəflərə doğru ardıcıllıqla irəliləyir və məqsədinə yüksək səviyyədə nail olur.
Yeganə Əliyeva, «İki sahil»