Bələdiyyələr torpaq vergisini necə hesablayıb toplamalıdırlar? Burada hər hansı güzəştlər nəzərdə tutulurmu? Bu və digər suallarımızı aydınlaşdırmaq üçün qanunvericiliyi incələməyə ehtiyac var.
Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsinin 206-cı maddəsi ilə tənzimlənir. Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.
Kateqoriyalar, əmsallar
Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qayda və meyarlar əsasında müəyyən edilir.
Vergi Məcəlləsinin 206.2-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. Məcəllənin 206.3-cü maddəsində isə 206.1-ci və 206.1-1-ci maddələrdə nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə dərəcələri yer alıb:
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
||
10.000 m²- dək olduqda |
10.000 m²- dən yuxarı olan hissə üçün |
10.000 m²- dək olduqda |
10.000 m²-dən yuxarı olan hissə üçün |
|
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |
Torpaq vergisi belə hesablanır
Vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov bu gösrəticilər əsasında torpaq vergisinin hesablanması qaydasını nümunələrlə izah edib. Bildirib ki, hesablama zamanı Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 №-li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları” nəzərə alınır. Həmin cədvəli bu linkdən əldə edə bilərsiz:
Misal 1: Qəbələ rayonunun Əmirvan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 3 hektar əkin sahəsi vardır. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən, Qəbələ rayonunun daxil olduğu Şəki-Zaqatala kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti balı 150 müəyyən edilib. Bu halda, fiziki şəxsin 3 ha torpaq sahəsinə görə 27 manat torpaq vergisi hesablanır:
(150 x 0,06) x 3) = 27 manat.
Misal 2: İmişli rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürüb. Muğan-Salyan kadastr qiymət rayonu üzrə İmişlinin düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir. Bu halda, fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat torpaq vergisi hesablanır:
(9,8 x 0,06) x 50) = 29,4 manat.
Misal 3: Goranboy rayonunun tabeliyində olan Dəliməmmədli şəhərində fiziki şəxs 200 kv/m torpaq sahəsini ticarət-məişət xidmətlərinin göstərilməsi üçün istifadəyə götürüb. Fiziki şəxsə bu sahəyə görə 4 manat torpaq vergisi hesablanır:
(200 kv/m x 2 manat) : 100 kv/m = 4 manat.
Misal 4: Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10.500 kv/m bağ sahəsi vardır. Bağ sahəsinin 10.000 kv/m-dən artıq olduğu nəzərə alınaraq, torpaq vergisinin illik məbləği aşağıdakı kimi hesablanır:
10.000 kv/m-i üçün - 60 manat;
(10.000 x 0,6) : 100 = 60 manat.
Torpaq sahəsinin 10000 kv/m-dən yuxarı olan hissəsi üçün 6 manat;
10.500 – 10.000 = 500 kv/m;
(500 x 1,2) :100) = 6 manat;
Cəmi ödəniləcək məbləğ: 60 + 6 = 66 manat.
Misal 5: Vətəndaşın Bakı şəhərində kommersiya məqsədləri üçün istifadə olunan obyektin altında 5.000 kv/m torpaq sahəsi vardır. Onun ödəyəcəyi torpaq vergisinin hesablanması belə olacaq:
(5000 : 100) x 10 manat = 500 manat.
Torpaq vergisi üzrə güzəştlərə gəlincə, A.Cəfərov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinin 207-ci maddəsində bəzi azadolmalar və güzəştlər nəzərdə tutulub:
“Məcəllənin 207.2-ci maddəsinə əsasən, bu Məcəllənin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Onların siyahısı belədir:
- Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının;
- Azərbaycan Respublikası Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlar (ərləri) və övladları;
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər.
Tutaq ki, birinci misalda torpaq sahəsinin mükiyyətçisi müharibə ilə əlaqədar əlilliyi olan şəxsdir. Bu zaman onun üçün 2024-cü il üzrə hesablanmış 27 manat torpaq vergisi 10 manat azaldılaraq 17 manat illik torpaq vergisi hesablanacaq”.
Bəs bələdiyyələr torpaq vergisini necə toplayırlar?
Vergi Məcəlləsinin 208.3-cü maddəsinə əsasən, müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Məcəllənin 208.5-ci maddəsində isə göstərilib ki, fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
A.Cəfərov əlavə edib ki, əmlak vergisində olduğu kimi, torpaq vergisi üçün də bələdiyyələr yanvar ayının ilk iş günündən başlayaraq son tarix kimi iyulun 1-dək tədiyə hesablamaları aparır və avqustun 1-nə kimi bildirişləri vətəndaşlara verilməlidir. Vətəndaşlar torpaq vergisini bərabər hissələrlə, yəni yarıbayarı 15 avqust və 15 noyabradək bələdiyyəyə nağdsız qaydada ödəməlidirlər.
©vergilər.az