"Mən İranın sülh və firavan olmasını istəyirəm".
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, İsrail baş naziri Binyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib:
"Mən İranın sülh və firavan olmasını istəyirəm. Bunu (İrana qarşı sanksiyalar - red.) etməyə nifrət etdim. Mən bunu əvvəllər bir dəfə etmişdim və biz onları elə bir nöqtəyə gətirdik ki, onlar artıq heç bir xərci ödəyə bilməyəcəklər. Onlar yaşamaq üçün mübarizə aparmalı idilər və pulları yox idi. Praktiki olaraq müflis olmuşdular. Dediyim kimi, onların "Hizbullah" üçün pulları yox idi, HƏMAS üçün pulları yox idi, hər hansı bir terror üçün pulları yox idi, 28 terror təşkilatı üçün pulları yox idi. Onlar yalnız özlərinə diqqət etməli və öz rifahlarına nail olmalı idilər. O vaxt da bunu etməyə nifrət edirdim, indi də elə nifrət edirəm".
Tramp çıxışının ardında qeyd edib: "Mən bunu deyirəm və bunu diqqətlə dinləyən İrana deyirəm: istərdim ki, böyük bir razılaşmamız olsun, elə bir müqavilə olsun ki, həyatınıza davam edəsiniz və çiçəklənəsiniz. Siz çiçəklənəcəksiniz.
İran xalqı heyrətamiz, çalışqan, gözəl və həqiqətən də inanılmaz insanlar qrupudur. Mən onları yaxşı tanıyıram. İrandan çoxlu dostlarım var, amerikalı dostlarımın çoxu əslən iranlıdır və İranla çox fəxr edirlər. Ancaq bildiyiniz kimi, mən bunu etməyə nifrət etdim və ümid edirəm ki, bu vəziyyətin fəlakətə çevrilməməsi üçün bir şey edə bilərik. Bunun baş verməsini istəmirəm. Mən həqiqətən sülh istəyirəm və ümid edirəm ki, bu məqsədə nail olacağıq".
ABŞ prezidenti vurğulayıb: "Amma onların nüvə silahı olmamalıdır. Mən heç bir məhdudiyyət qoymuram, amma onların nüvə silahı ola bilməz. Dediyim hər şeyə baxmayaraq, onların nüvə silahına sahib olacağını düşünsəydim, bu, onlar üçün çox pis olardı. Amma digər tərəfdən, əgər onlar bizi bunu etmək niyyətində olmadıqlarına inandıra bilsələr - və ümid edirəm ki, bacaracaqlar - bu, çox asandır, həqiqətən də çox asandır. Onda düşünürəm ki, onları inanılmaz gələcək gözləyir".
Telegram kanalımız