ABŞ Poçt Xidməti (USPS) Çin və Honq-Konqdan ölkəyə gələn bağlamaların daşınmasını dayandırdığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Açıqlamada Çin tacirləri və e-ticarət adamları arasında populyar olan bağlama göndərişinin növbəti xəbərdarlığa qədər dayandırılması qərarının verildiyi bildirilib.
Məlumatda Çin və Honq-Konqdan bağlamaların daşınmasının dayandırılmasının məktubların çatdırılmasına təsir etməyəcəyi bildirilib.
Bu açıqlamanın ABŞ Prezidenti Donald Trampın fevralın 1-də imzaladığı fərmanla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumu tətbiq etməsindən sonra səsləndirilməsi diqqət çəkir.
Tramp bu ölkələrin sərhəd nəzarətini gücləndirməsi qarşılığında Kanada və Meksikaya tətbiq edilən vergilərin qüvvəyə minməsini 1 ay təxirə saldığını, Çin üçün isə təxirə salınma olmadığını açıqlayıb.
Çin də Trampın ölkədən idxal edilən bütün məhsullara əlavə 10 faiz gömrük rüsumu tətbiq etmə qərarına cavab olaraq ABŞ-dən idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Çin Maliyyə Nazirliyindən verilən açıqlamada, ABŞ-dən xam neft, kənd təsərrüfatı avadanlıqları, yüksək tullantı buraxan avtomobillər və pikaplar da daxil olmaqla məhsullara 10 faiz, kömür və təbii qaz idxalına isə 15 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyi bildirilib.