Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Qəzza zolağına “nəzarəti öz üzərinə götürməyə”, eyni zamanda ərazidə partlamamış hərbi sursatların təmizlənməsinə və zədələnmiş binaların sökülməsinə kömək etməyə hazırdır. ABŞ prezidenti bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
Tramp bu məqsədə çatmaq üçün Amerika hərbçilərinin istifadəsini istisna etməyib. O, Qəzza zolağının ABŞ-ın nəzarətinə keçməsinin bölgəyə sabitlik gətirəcəyini vurğulayıb.
“Söhbət etdiyim hər kəs ABŞ-ın bu torpaq sahəsinə sahib olması, onu inkişaf etdirməsi və minlərlə iş yeri yaratması fikrini dəstəkləyir”, o deyib.
Yaxın Şərq “Rivyerası”da (Trampın Qəzza zolağını nəzərdə tutur) əhalinin tərkibində dəyişiklik olmalıdır. ABŞ prezidenti hesab edir ki, müharibə səbəbindən ərazisini tərk edən fələstinlilər geri qayıtmamalıdır.
“Qəzza zolağı insanların yaşaması üçün yer deyil və onların geri qayıtmaq istəmələrinin yeganə səbəbi alternativin olmamasıdır”, Tramp Netanyahu ilə danışıqlardan əvvəl deyib. Onun fikrincə, fələstinlilərə Qəzzanın əvəzinə yaşamaq üçün “yaxşı, yeni, gözəl bir torpaq” verilməlidir.
Daha sonra İsrailin baş naziri ilə keçirdiyi mətbuat konfransında Tramp yenidən qurduğu Qəzzanın fələstinliləri də yerləşdirə biləcəyini desə də, onların çoxluq təşkil etməməsi lazım olduğunu açıqlayıb.
HƏMAS Trampın təklifini “bölgədə xaos və gərginlik resepti” adlandırıb və qəzzalıların “bu planların reallaşmasına imkan verməyəcəklərini” bildirib. Səudiyyə Ərəbistanı isə Fələstin dövlətinə dəstək olduğunu bəyan edib.