Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda "Atlantic Council" analitik mərkəzində çıxışı zamanı bildirib ki, tərəflər sülh sazişinin layihəsində qalan son iki maddə üzrə təkliflərini təqdim ediblər.
Onun sözlərinə görə, Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsinə qadağa qoymağı təklif edir və burada Aİ-nin mülki müşahidə missiyası nəzərdə tutulur. Ermənistan isə bu qadağanın yalnız delimitasiya edilmiş sərhəd hissələrinə şamil olunmasını istəyir. Başqa sözlə, üçüncü tərəfin qüvvələri yalnız tərəflərin birlikdə müəyyən etdiyi sərhəd hissələrində olmamalıdır. İrəvan öz təklifini yazılı şəkildə təqdim edib və Bakının cavabını gözləyir.
Paşinyan əlavə edib ki, digər məsələ tərəflərin bir-birinə qarşı beynəlxalq hüquq təşkilatlarında irəli sürdükləri bütün iddiaların geri götürülməsi ilə bağlıdır. Ermənistan bununla razı olsa da, bu məsələlərin ikitərəfli münasibətlərdə də gündəmə gətirilməməsini istəyir. Əks halda, beynəlxalq məhkəmələrdə iddiaların geri çəkilməsinə baxmayaraq, tərəflərdən biri bu mövzunu siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər.
Baş nazirin sözlərinə görə, sülh sazişinin bütün vacib məsələləri artıq razılaşdırılıb. O bildirib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü Sovet Ermənistanı və Sovet Azərbaycanının xəritələri əsasında tanıyıb. Bu razılaşma, Paşinyanın fikrincə, gələcək sülhün təməl daşıdır.
"İndi sülh hər zamankından daha əlçatandır. Yeganə lazım olan şey siyasi iradə nümayiş etdirərək sazişi son mərhələyə çatdırmaq və imzalamaqdır", - deyə Paşinyan vurğulayıb.
Türkiyə ilə münasibətlərə toxunan Ermənistan baş naziri iki ölkə arasında aktiv dialoqun davam etdiyini bildirib. Onun sözlərinə görə, son illərdə dəfələrlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, onun andiçmə mərasimində iştirak edib və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində də bir araya gəliblər. İki tərəf ilkin mərhələdə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaq barədə razılığa gəlib və İrəvan bu qərarın tezliklə reallaşmasını gözləyir.