Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinə 2021-ci ildə başlanılıb. Həmin il martın 27-də biologiya fənninddən müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
AzEdu.az Təhsil Portalı sertifikatlaşdırmadan uğurla keçmiş, “Örnək müəllim”lərdən proseslə əlaqədar açıqlamalar alır.
Müsahibimiz Sevinc Səfərova Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin Biologiya müəllimidir. O, biologiya üzrə sertifikasiyanın test imtahanı mərhələsindən 57, müsahibədən isə maksimum – 40 bal olmaqla, ümumi 97 bal toplayıb.
S.Səfərova bildirib ki, 12 ildən çoxdur ki, biologiya fənni üzrə repetitorluqla məşğuldur:
“Sertifikasiyaya hazırlıq zamanı ixtisas fənni ilə bağlı xüsusi məşğələlərə getmədim. Uzun müddətdir bu işlə məşğul olduğum üçün özümdən arxeyin idim. Təbii ki, unutduğum məqamlar da var idi. İmtahana bir neçə gün qalmış onlara göz gəzdirdim. Kurikulumla bağlı videolardan və test kitablarından istifadə edirdim. Boş vaxtlarda isə həmkarlarımla fikir mübadiləsi edirdik.
Hədəfim yüksək nəticə göstərmək idi. Məktəbdə müəllimlərin bəziləri düşünürdülər ki, 30 balı toplasam kifayətdir, amma mən bildirirdim ki, biz yüksək bal toplamalıyıq. Mən 60 balı qarşıma məqsəd qoymuşdum. Əgər rayonda işləyirəmsə, burada tanınıramsa, nəticəm yaxşı olmalıdır. Düzdür, hədəfimə 3 balla çatmadım, amma qismət olsa, növbəti sertifikasiyada 100%-lik nəticə göstərərəm”.
“Bizim sertifikasiya imtahanında situasiya tipli test tapşırıqları yox idi”, -deyə müsahibimiz vurğulayıb:
“Bu il məktəbimizdə riyaziyyat və ingilis dili fənlərindən sertifikasiyada iştirak edən müəllimlərdən sualların səviyyəsi barədə soruşduqda, bildirdilər ki, əvvəlki illərlə müqayisədə sualların səviyyəsi çətindir, situasiya tipli tapşırıqlar var və s. Ancaq 2021-ci ildə situasiya tipli suallar sertifikasiya imtahanına salınmırdı.
Düşünürəm ki, 100%-lik nəticə üçün kurikulumdan mütləq hazırlaşmalıyam. Nəticəmin mükəmməl olması üçün imtahana yaxın hazırlaşıb, əlimdən gələn hər şeyi edəcəm”.