“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi xəbər verir.
Əvvəllər bu prinsiplərə şirkətin həyata keçirməyəcəyi süni intellekt tətbiqləri adlı bənd daxil idi ki, buraya ümumi zərər verən və ya verə biləcək texnologiyalar, o cümlədən silahlar daxil idi.
Agentlik qeyd edir ki, bu ifadə artıq “Google”un səhifəsində görünmür.
Şirkətin nümayəndəsi agentliyə şərh verərkən şirkətin bloqunda dərc edilmiş məlumata istinad edib.
"Hesab edirik ki, demokratik ölkələr azadlıq, bərabərlik və insan hüquqlarına hörmət kimi əsas dəyərləri rəhbər tutaraq süni intellektin inkişafında lider olmalıdırlar. Bu dəyərləri bölüşən şirkətlər, hökumətlər və təşkilatlar insanları qoruyan, qlobal inkişafı təşviq edən və milli təhlükəsizliyi dəstəkləyən süni intellekti yaratmaq üçün birlikdə işləməlidirlər", - məlumatda bildirilib.
“Google”un süni intellekt etikası qrupunun rəhbərlərindən biri olmuş Marqaret Mitçellin sözlərinə görə, bu addım "süni intellekt etikası sahəsində çalışan insanların gördüyü işi pozacaq".
Onun sözlərinə görə, bu bəndin şirkətin prinsiplərindən çıxarılması “Googl”un insanları öldürə biləcək texnologiyaların tətbiqi üzərində işləyə biləcəyi deməkdir.