Xəbər verdiyimiz kimi, yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, Əlisa Nicat Səməd Vurğun haqqında dediyi sözlərə görə sosial mediada kütləvi şəkildə linç edilir.
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Əlisa Nicatın qalmaqallı fikirlərini şərh edib.
Rəşad Məcid bildirib ki, Azərbaycan ictimaiyyəti yazıçı Əlisa Nicatın dırnaqarası, cəfəng fikirlərinə, sərsəm sayıqlamalarına cavab verməsi və böyük şairimiz Səməd Vurğunun müdafiəsinə qalxması xalqımızın ona yüksək dəyər verməsini göstərir: “Səməd Vurğun hər bir azərbaycanlının dil açandan öyrəndiyi şeirlərin müəllifidir. Səməd Vuröun “El bilir ki sən mənimsən. Yurdum, yuvam məskənimsən” kimi Azərbaycan mənəviyyatını formalaşdıran poeziya yaradıb. Əlisa Nicatın sərsəmləmələrinə də heasb edirəm ki, çox ciddi cavablar verildi. Xoşuma gələn cavablardan biri, bizim gənc yazar Ömər Xəyyamın fikirləri oldu ki, Səməd Vurğunun “Rəhbərə salam” şeiri daha şox ədəbiyyatdır, nəinki Əlisa Nicatın yazdıqları. Mən Mətbuat Şurasının sədri kimi bu müsahibəni götürən və o başlıqla yayan saytı (lent.az-red.) qınayıram. Hər halda belə reytinq xatirinə gərək ciddi media subyektlərimiz bu cür fikirləri yaymağı özlərinə rəva görməsinlər. O cavan jurnalistə isə demək istəyirəm ki, hay-küy doğuran, imzasını tanıdacaq və diqqət çəkəcək belə şou yaradan cəfəng fikirlərə yer verməsin. Bu cür məşhurluq ötəridir. İnsanlarda, xüsusən cəmiyyətdə bu şəkildə narahatlıq yaradılmasına səbəb olmaq jurnalistika deyil. Ona görə də bu məsələlərdə ehtiyyatlı olmaq lazımdır”.
Qeyd edək ki, Əlisa Nicat Səməd Vurğunu yaltaq adlandıraraq bu sözləri demişdi: “1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” – bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”.
Nailə Qasımova
Medianews.az