"Morgan Stanley" investisiya bankı "Barclays" və "Macquarie" ilə birlikdə ABŞ Federal Ehtiyat Sisteminin ("Fed") bu il cəmi bir dəfə 25 baza bəndi həcmində faiz dərəcəsini endirəcəyini proqnozlaşdırıb.
Valyuta.Az xəbər verir ki, bank bu qərarını prezident Donald Trampın tarif siyasətindən qaynaqlanan qeyri-müəyyənliklə əsaslandırıb.
Daha əvvəl "Morgan Stanley" mart və iyun aylarında iki dəfə 25 baza bəndi həcmində faiz endirimi gözlədiyini bildirmişdi.
Digər aparıcı maliyyə qurumları, "Goldman Sachs" və "Wells Fargo", isə bu il iki faiz endirimi olacağı ilə bağlı proqnozlarını dəyişməyiblər.
Prezident Trampın tarif siyasətinin inflyasiyanı artıracağı və ABŞ Mərkəzi Bankına uzunmüddətli inflyasiya təzyiqlərini cilovlamaqda əlavə çətinlik yaradacağı gözlənilir.
"Morgan Stanley" analitikləri dünən yaydıqları qeyddə bildiriblər ki, "tariflərin gözləniləndən daha sürətli tətbiqi inflyasiyanın daha yüksək səviyyədə sabitləşməsinə səbəb ola bilər və yaxın perspektivdə faiz endirimlərinin qarşısını ala bilər".
"Tariflərdən qaçınılsa belə, onların mümkün təsiri fərdi istehlak xərcləri inflyasiyası ilə bağlı qeyri-müəyyənliyi yüksək səviyyədə saxlayır və riskləri artıma doğru yönəldir", - bankın analitikləri əlavə ediblər.
Dekabr ayı üçün fərdi istehlak xərcləri qiymət indeksi – "Fed"in üstünlük verdiyi inflyasiya göstəricisi – bazar gözləntilərinə uyğun açıqlanıb.
ABŞ Mərkəzi Bankı yanvar ayında keçirilən iclasında uçot dərəcəsini 4.25%-4.50% aralığında saxlayıb. Bununla belə, "Fed" sədri Cerom Pauell bildirib ki, kredit faizlərinin daha da azaldılması üçün inflyasiyanın enişində davamlı irəliləyiş tələb olunur.
"2025-ci il üçün pul siyasətinin yolu hələ də yüksək dərəcədə qeyri-müəyyəndir", - "Morgan Stanley" vurğulayıb.
Rəhim