AZ

İş görüşünə valideyn, həyat yoldaşı, sevgili ilə getmək - İşə qəbul şansı var?

İş görüşməsinə getməmişdən əvvəl hər bir iş axtaranın diqqət etməli olduğu məqamlar var. Onlara diqqət etmək işə qəbul olub-olmamağımıza təsir göstərir. Bu nüanslardan biri də iş görüşməsinə necə getdiyimizdir. İş görüşünə valideyn, sevgili, həyat yoldaşı ilə getmək də iş görüşlərində o qədər də xoş qarşılanmır.

Bəs bu şəxslərin işə qəbul şansı nə qədər olur? Bu hallar işə qəbul mütəxəssislərində hansı təəssürat yaradır?

Valyuta.az-a açıqlamasında Beynəlxalq  Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları üzrə mütəxəssis Saleh Həsənov bildirib ki, işə qəbul prosesi artıq namizədə gələn zəngdən başlayır:

“Müraciət edənin danışığı, səs tonu, özünü idarəetmə qaydası və.s bütün proseslər artıq iş müsahibəsinin tərkib hissəsi sayılır və bütün bu sadalananlar fikir formalaşdırır. Hətta bir çox hallarda görürük ki, CV- də yerləşdirilən nömrələrə zəng çatmır və ya qeyd olunan nömrələr müraciət edənin yaxınına aid olur. Bütün bunlar ilkin olaraq, müsahibəyə gələn haqqında mənfi rəylər yaradır”.

“Müsahibəyə tək gəlmək işə qəbul şansını artırır”

S.Həsənov qeyd edib ki, iş müsahibəsinə kimləsə gəlmək, müraciət edən şəxsin müstəqil qərar verə bilməməsi təəssüratı yaradır, yaxud da qərarlarına kiminsə müdaxiləsinə imkan vermə anlayışı formalaşdırır:

“Bu  işə qəbul etmə ilə bağlı qərar verməkdə insan resursları mütəxəssislərini də çətin vəziyyətdə qoyur. Ümumi olaraq, müsahibəyə rahat gəlmək lazımdır. Çünki istənilən halda həmin yer işə müraciət edənin çalışacağı yerdir. Həmin adamların müsahibəyə özünün gəlməsi ilk andan işə qəbul etmə ilə bağlı müsbət rəy yaradacaq”.

Sərvanə Rəmixanova

Seçilən
5
valyuta.az

1Mənbələr