Azərbaycan Universiteti ilə QS (Quacquarelli Symonds) Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və agentliyin regional direktoru Sergei Khristoliubov imzalayıb.
Bu barədə AzEdu.az-a Azərbaycan Universitetindən məlumat verilib.
İmzalama mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qonağa rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris olunan ixtisaslar, professor-müəllim heyəti, universitetin əsas strateji hədəfləri, bu istiqamətdə həyata keçirilən yeniliklər və əldə etdiyi uğurlarhaqqında məlumat verib. Elmi işlər üzrə prorektor Yusif Qasımov universitetin elmi fəaliyyəti, elmmetrik göstəriciləri haqqında danışıb, müvafiq göstəriciləri diqqətə çatdırıb. Prorektor qeyd edib ki, bir neçə gün əvvəl dünyanın nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur. Reytinqdə ölkə üzrə ən yüksək mövqe Azərbaycan Universitetinə məxsusdur. Belə ki, universitet bu reytinqdə 301-400- cü pillələr arasında yer alıb.
Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova universitetin beynəlxalq əlaqələri, gənc tədqiqatçıların yetişdirilməsi istiqamətində görülən işlər haqqında məlumat veriblər.Universitet haqqında təqdimatın ardından Sergei Khristoliubov agentliyin elmi sahədə fəaliyyəti, məhsulları, QS reytinqinin əsas meyarları, metodologiyası və ali təhsil müəssisələrinin reytinqə müraciət edərkən diqqət yetirməli olduqları kriteriyaları diqqətə çatdırıb. Görüş mövzu ətrafında müzakirə və fikir mübadiləsi ilə davam edib.