Milli Məclisin plenar iclasında müzakirə olunan mövzulardan biri də həkimlərin televiziyalarda reklamlarının çoxalması ilə bağlı olub. Millət vəkili Aqil Abbas təklif edib ki, "Reklam haqqında" qanuna dəyişiklik edilsin. O, bu qərarın televiziyalara zərər verəcəyini də istisna etməyib. Bəs həkimlərin efirlərdə reklam olunması ilə bağlı hansı nəzarət tədbirləri və tənzimlənmələr mövcuddur? Bu barədə Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, adıçəkilən məsələlər “Reklam haqqında” Qanun ilə tənzimlənir. Tibb işçilərinin televiziyada reklam edilməsi dedikdə, bu, onların sponsor qismində çıxış edə bilməsi və ya onların göstərdikləri xidmət, müalicə metodlarının reklam olunması məsələlərinə aid ola bilər: ““Reklam haqqında” Qanunun 29.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi vasitələr, müalicə, profilaktika və diaqnostika metodları reklam oluna bilər. Həkimlərin də reklam etdiyi mövzular bu yöndədir. Həkimlər tərəfindən müalicə, profilaktika, diaqnostika və ya reabilitasiya metodlarının reklam edilməsi qanunvericiliyə uyğundur”. T.Quliyev “Reklam haqqında” Qanunun 4-cü maddəsində qeyd olunan reklama dair ümumi tələbləri də nəzərə çatdırıb: “Həmin tələblərdən biri də lisenziyalaşdırılan fəaliyyət sahəsi ilə bağlıdır. Lisenziyanın qeydiyyat nömrəsi və təmin edən orqanın adının qeyd edilməsi məsələsi vacibdir. Əczaçılıq, özəl tibb fəaliyyəti, dərman vasitələrinin istehsalı, onların topdan və ya pərakəndə satışı lisenziyalaşdırılan sahəyə aiddir və həmin əmtəə və xidmətlərin reklamı zamanı bu lisenziya barədə məlumat verilməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən “Media haqqında” və “Reklam haqqında” Qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslərə 2500 manatdan 3500 manatadək, hüquqi şəxslərə isə 8000 manatdan 10000 manatadək cərimə sanksiyası tətbiq edilə bilər. Audiovizual mediada “Reklam haqqında” Qanundan irəli gələn istənilən pozuntu bu cərimələrin tətbiq edilməsi ilə nəticələnə bilər”. Qurum rəsmisi həkimlərin televiziya kanallarında reklamlarının artması məsələsi ilə bağlı qeyd edib ki, tibbi vasitə və xidmətlərinin, dərman vasitələrinin və bu kimi məsələlərlə bağlı reklamlar audiovizual mediada həmişə olub və hazırda xüsusi bir çoxalma tendensiyası müşahidə olunmur: “Sadəcə olaraq son dövrlər baş verən aktual problemlərlə bağlı bu məsələlər daha çox gündəmdə olur. Əslində, televiziya və radio kanallarında qanunvericilik tələblərinə cavab vermədiyinə görə yayımlanmayan bir çox reklam materialları var ki, onlar sosial şəbəkələrdə geniş vüsət alır və bu da təbii ki, ictimaiyyəti narahat edir. Sevindirici hal budur ki, sosial şəbəkələrdə gedən qanunvericiliyə zidd olan reklamlara görə də son zamanlar müvafiq qurumlar zəruri tədbirlər görürlər”. T.Quliyev əlavə edib ki, Audiovizual Şura açıq yayımda olan ümumölkə yerüstü televiziya və radio kanallarında yayımlanan reklam materiallarını daim diqqətdə saxlayır: “Son zamanlar aparılan monitorinqlər bu istiqamətdə xüsusi pozuntu hallarının olmasını aşkar etməmişdir. Pozuntu halı baş verdiyi zaman Audivizual Şura tərəfindən zəruri müdaxilələr olur. 2024-cü il ərzində isə “Reklam haqqında” Qanunun pozulmasına görə bir sıra yayımçılar barədə protokollar tərtib edilmiş, müvafiq məhkəmələrə göndərilmiş və onlar cərimə edilmişdir”. Sevinc İbrahimzadə / Metbuat.az